Əhali kredit kartı xəstəliyinə tutulmağa başlayıb | Banco.az

Əhali kredit kartı xəstəliyinə tutulmağa başlayıb

Son bir ildə Azərbaycanda kredit kartlarının sayı 2,4 dəfə artıb.

“Marja” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin oktyabr ayının əvvəlində sayı 318 min ədəd olan kredit kartları ötən 12 ay ərzində 450 min ədəd artaraq 768 min ədədə çatıb.

Təbii ki, kredit kartalarının sayının artması bu  kartlar ilə  aparılan əməliyyatların sayının və həcminin də artmasına səbəb olmuşdur. Ötən ilin sentyabr ayı ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların sayı 3 dəfə artaraq ay ərzində 1 milyon əməliyyatı aşmışdır. Aylıq əsasda əməliyyatların həcmi isə 53% artaraq sentyabrda 151 milyon manat təşkil etmişdir.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində kredit kartı sahibləri kartları vasitəsilə 1 milyard 189 milyon manat məbləğində əməliyyat həyata keçiriblər. Ölkə daxilində bu əməliyyatların  517 milyon manatı ATM-lər vasitəsilə,  309 milyon manatı isə POS-terminallar vasitəsilə aparılıb. Qalan əməliyyatlar isə ölkə xaricində həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

BİR KART 1548 MANAT ƏMƏLİYYATI TƏMİN EDİB

Maraqlısı odur ki, kartların sayı artdıqca bir karta düşən əməliyyatın həcmi azalmışdır. Əgər ötən ilin yanvar-sentyabr ayında orta hesabla bir kredit kartına 2408 manat əməliyyat həcmi düşürdüsə, cari ilin  müvafiq dövründə bu göstərici 1548 manat təşkil etmişdir.

Qeyd edək ki, 01 oktyabr 2013-cü il tarixinə olan məlumata görə, Azərbaycanda dövriyyədə 5 milyon 347 min ədəd ödəniş kartları, o cümlədən 2 milyon 368 min ədəd sosial kartlar, 1 milyon 411 min ədəd əmək haqqı kartları, 768 min ədəd kredit kartları və 800 min ədəd digər kartlar mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et