Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Analitiklər bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Beynəlxalq valyuta birjalarında yeni həftənin ilk sessiyasında dolların aparıcı valyutalara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Buna səbəb cari həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental göstəricilərdir. Burada hökm sürən azalma ehtimalları, FED-in faiz azaldılması ehtimallarını da artırır.

Nəticədə EUR/USD məzənnəsi 1.12$-da dəstək görür və bu səviyyənin üzərində qaldıqca, 1.13$-a kimi bahalaşa bilər. Cümə günü saat 13:00-da açıqlanacaq Avrozonada sənaye istehsalı ilə bağlı önəmli fundamental göstəricilər də məzənnəyə güclü təsir edəcəkdir.

 

GBP

Funt da dolların ucuzlaşa biləcəyi ehtimalları fonunda 1.25$-da dəstək görməkdədir. GBP/USD valyuta cütlüyünün qiyməti 1.25$-ın üzərində qaldıqca, 1.27$-a kimi bahalaşa bilər. Burada isə çərşənbə günü saat 12:30-da İngiltərədən dərc ediləcək iqtisadi inkişaf, sənaye istehsalı və xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır.

Böyük Britaniyada seçiləcək baş nazir fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları ilə bağlı siyasi təzyiqlər də diqqət mərkəzindədir.

 

Ən sərfəli kredit üçün müraciət et

TRY

Türkiyədə mərkəzi bank sədrinin vəzifəsindən uzaqlaşdırılması xəbərlərindən sonra USD/TRY məzənnəsi 5.78TL-yə kimi bahalaşmışdır. Bundan sonra yenidən ucuzlaşan məzənnə 5.62TL-yə kimi geri qayıda bilər və bu iki qiymət aralığında ticarət olunması proqnozlaşdırılır.

Cümə axşamı saat 11:00-da Türkiyənin cari əməliyyat balansına dair önəmli göstəricilər də investorların diqqət mərkəzindədir.

 

OIL

“OPEC+” sazişinin uzadılması xəbərindən sonra Avropanın Brent neftinin bir barel qiyməti 64$-da dəstək görməkdədir. Təhlillərə əsasən, bir barel üzrə qiymət 64$-ın üzərində qaldıqca, 67$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Beynəlxalq birjalarda dolların keçən həftə ərzində bahalaşması əlvan metallar birjalarında da qızılın ucuzlaşmasına səbəb olmuşdur. Lakin qızıla olan tələbin yenidən arta biləcəyi proqnozları güclənib. Bir unsiya üzrə qiymət hal-hazırda 1400$-ın (45.0 $/qram) üzərində ticarət edilir və 1403$-ı (45.1 $/qram) qırarsa, 1419$-a (45.6 $/qram) kimi də bahalaşa bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et