Dünya iqtisadiyyatını hansı risklər gözləyir? | Banco.az

Dünya iqtisadiyyatını hansı risklər gözləyir?

Qlobal risklər bir neçə ölkədə və müxtəlif sahələrdə əhəmiyyətli neqativ təsirlərə səbəb olan amillər kimi qiymətləndirilir. Dünya İqtisadi Forumu özünün 2014-cü il hesabatında qlobal riskləri beş əsas kateqoriyaya bölür: iqtisadi, ətraf mühit, geo-siyasi, texnoloji  sosial.

Ümumilikdə, hesabatda ən təhlükəli risklər kimi bunlar qeyd edilmişdir: iri miqyaslı iqtisadiyyatlarda yaşanacaq fiskal böhranlar, işsizlik və natamam məşğulluq, təbii su çatışmazlığı, maddi təbəqələşmə, iqlim dəyişiklikləri.

Iqtisadi risklər dedikdə maliyyə və likvidlik problemləri, mühüm maliyyə sistemləri və institutlarında baş verən uğursuzluqlar, iqtisadi şoklar, neft qiymətlərindəki dəyişikliklər, xroniki işsizlik və iqtisadiyyatın asılı olduğu iri infrastruktur sistemlərinin sıradan çıxması, dünya pulu kimi amerikan dollarının əhəmiyyətinin aşağı düşməsi kimi risklər daxildir. DİF mütəxəssisləri hesab edirlər ki, mərkəzi banklar dollar ehtiyatlarından imtina etməyə başlaya bilərlər ki, bu da bütün dünya iqtisadiyyatına təsir göstərəcək və geosiyası tarazlığı pozacaqdır. Bununla yanaşı, Lehman Brothers`in iflasa uğramasından beş ildən çox vaxt keçsə də iqtisadçılar yenidən eyni hadisələrin təkrarlanacağından narahatdırlar. Bu isə maliyyə giqantlarının aktivlərinin keyfiyyəti ilə bağlı inamsızlıqla əlaqədardır.

Baş vermə ehtimalına görə qlobal risklər (Global Risks 2014, WEF)

Dünya İqtisadi Forumunun 2014-cü il üzrə hesabatında bildirilir ki, əhalinin varlı və kasıb təbəqəsi arasında olan gəlir bərabərsizliyinin artması, fiskal böhranlar və yeni iqtisadi sarsıntılar nöbəti illər üçün əsas təhlükələr hesab olunur. Əhali arasında gəlir bərabərsizliyinin yüksəlməsi orta sinif təbəqəsinə ağır zərbə vurmaqla, onların sayının kəskin azalmasına səbəb ola bilər. Işsizlik səviyyəsinin artması mütəmadi xarakter daşımadığı halda bir o qədər də təhlükəli deyil. Lakin o uzun müddət eyni səviyyədə qalırsa, onda əmək resursları öz bacarıqlarını itirmək təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Hazırda gənclər arasında işsizliyin səviyyəsi bəzi ölkələrdə (Yunanıstan, İspaniya, Cənubi Afrika) təxminən 50%-dir.

Geosiyasi risklər əsasən siyasi xarakterli olub, korrupsiyanın genişlənməsi, yaxşı təşkil olunmuş beynəlxalq səviyyəli cinayətlərin həyata keçirilməsi, irimiqyaslı terror aktları, resurslardan istifadə uğrunda mübarizə və qeyri-qanuni ticarət kimi kateqoriyaları əhatə edir. Əksər inkişaf etmiş ölkələrin cari büdcə siyasəti hələ dayanıqsızdır. Dövlət fəaliyyətinin maliyyələşməsində yaranan böhranlar hakimiyyəti xərcləri azaltmağa məcbur etdi və bir sıra dövlətlərdə onu nəzarət altına almaq mümkün oldu. Gənclər arasında işsizlik səviyyəsinin yüksək olması dövlətə olan inamın sarsılmasına səbəb olur və cəmiyyəti uzunmüddətli inkişaf üçün lazım olan dayaqdan məhrum edir.  Bütün bu proseslər yaxın illərdə əhəmiyyətli sosial dalğalanmalara səbəb ola bilər, belə ki əhali iqtisadi böhran vəziyyətində istənilən qədər yaşamağa hazırlaşmır. Buna aydın nümunə kimi “Ərəb baharı”, Braziliya və Cənubi Afrikadakı digər hadisələri misal göstərmək olar. 

Ən sərfəli kredit üçün müraciət et

Təsir səviyyəsinə görə qlobal risklər (Global Risks 2014, WEF)

Ətraf mühit  risklərinə zəlzələ, fırtına kimi təbii fəlakətlərlə yanaşı, həm də insan tərəfindən ekosistemin dağıdılması (quru və su sahələrində bioloji müxtəliflik), təbii su çatışmazlığı, neft sızmaları, AES-da partlayışlar, nüvə istifadəsi və iqlim dəyişikliklərinə adaptasiya prosesləri daxildir. Içməli su mənbələrinin və keyfiyyətinin azalması bu tip resurslara tələbat olan sahələrdə (qida və elektrik enerjisi sənayəsi) rəqabətin güclənməsinə səbəb olur. Əhəmiyyətli risklərdən biri də urbanizasiya səviyyəsinin idarə edilə bilməməsi ilə bağlıdır. Şəhərlərin layihələndirilməsi zamanı səhvlərin buraxılması infrastrukturun həddən artıq yüklənməsinə və ərtaf mühitin çirklənməsinə səbəb olur.

Sosial risklərə gəlir bərabərsizliyi, qida çatışmazlığı kimi sosial stabilliklə əlaqədar olan risklər, eləcə də epidemiya, antibiotiklərə dayanıqlı bakteriya və xroniki xəstəliklərin artması kimi risklər aid edilir. Qida böhranı təhlükəsi o halda yaranır ki, ölkələr lazım olan miqdarda və keyfiyyətdə etibarlı məhsul tədarükçülərinə çıxışı itirir. Afrikanın kasıb ölkələri ilə yanaşı, aclıq eyni zamanda müharibə gedən Suriyanı da bürüyə bilər.

Dürdanə Alıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et