Dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi | Banco.az

Dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi

Banklar dollarla qəbul etdiyi əmanətlər üzrə faiz dərəcələrini aşağı salır. Manatla yerləşdirilən əmanətlərdə isə əksinə, faiz dərəcələrinin qaldırılması müşahidə edilir.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bankların bu addımı gözlənilirdi və bu, baş verən proseslərin məntiqi nəticəsidir. Çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkir və bu səbəbdən də dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi.

Ekspertin sözlərinə görə, əhalidən dollar ifadəsində cəlb edilən əmanəti banklar kredit şəklində iqtisadiyyata yönəldə bilmir: "Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin "yaşıllaşması" prosesi gedir. Təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyardan 2,3 milyard manata düşüb. Əmanət qoyuluşunda payı isə 62%-dən 29%-ə düşüb. Faktiki olaraq banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər".

Ekspert deyir ki, dollar əmanətləri üzrə faizlərin endirilməsinin bazara müəyyən təsirləri olacaq. Onun fikrincə, təsir əsasən faiz dərəcələrinin aşağı salınma səviyyəsindən (endirilmə ən az 3-4% olarsa) və prosesə qoşulan bankların sayından (əhatə dairəsindən) asılı olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Onun qənaətincə, hazırda əmanətlərin dollarlaşması prosesi yekunlaşmaq üzrədir: "Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar yoxsa dollarla. Fevral devalvasiyasında sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri müşahidə olunur. Ancaq bu 1 il öncəki inamdan hələki çox uzaqdır. Üstəgəl manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır. Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır".

Buna görə də Samir Əliyev düşünür ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq: "Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda - yastıq altında ölü kapital kimi saxlanılacaq".

ekspress.az

Ən sərfəli krediti almaq üçün müraciət et