Devalvasiya biznes və banklar üçün bir sınaq kimi | Banco.az

Devalvasiya biznes və banklar üçün bir sınaq kimi

Müəllif: Banklar üzrə mütəxəssis, Daşqın Həmidzadə

Biznesi yarışa girmiş bir maşın kimi təsəvvür edək. Bu maşın saysız hesabsız olan digər maşınlarla rəqabət şəraitinə tab gətirərək uzun bir yol qət etməyi ve “Finish”  cizgisinə çatmağı planlaşdırır.

Hansı ki, həmin yarışda müxtəlif modeldə və müxtəlif formada maşınlar var. “Finish”  cizgisinə çata bilən maşın qalib gələndir əslində. Çünki, maşının “Finish”  cizgisinə çata bilməsi  yarış şəraitindən, sürücüsünün kim olmasından və ən əsası maşının məhz özünün bu yarış üçün nə dərəcə uyğun olub-olmamasından asılıdır. Modelindən və formasından asılı olmadan maşın ərsəyə gətirilərkən bütün mümkün risklər nəzərə alınmamış və digər maşınlarla mübarizə apara biləcək təminatlar təmin edilməmişdirsə, problem yarandığı təqdirdə sürücüsünün kim olmasından asılı olmayaraq həmin maşın “Finish”  cizgisinə çata bilməyəcək və məğlub olacaqdır. Buna görə də bizneslər hər zaman ətrafda baş verə biləcək proseslərə tab gətirə biləcək şəkildə təşkil edilməli və hərtərəfli inkişaf etdirilməlidir.

Bizneslərin inkişaf etdirilməsinə bunun nəticəsində isə vətəndaşların sosial vəziyyətinin yüksəldilməsinə xidmət edən kredit növlərindən biri Mikro kreditlərdir ki, bu növ kreditlər nisbətən daha kiçik məbləğli biznes kreditləri hesab olunur və ev təsərrüfatı və ya bizneslə məşğul olan şəxslərə verilir.

Lakin, ölkəmizin  neft sektorundan asılı olması səbəbindən dünyada neftin qiymətinin ötən ilin iyunundan başlayaraq 1 barelinin orta spot qiymətinin 108 $-dan 53 $-a qədər  kəskin şəkildə enməsi Azərbaycan iqtisadiyyatına  təsirsiz ötüşmədi və Mərkəzi Bank fevral ayında milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə  33.4 faizlik kəskin devalvasiya etdi. Sözsüz ki , bu kəskin devalvasiya  biznes sahiblərindən, banklardan və xarici valyutada kredit götürmüş vətəndaşlardan yan keçmədi və  valyuta riskini nəzərə almayan bizneslər və eyni zamanda da xarici valyutada kredit götürmüş  vətəndaşların problemləri ortaya çıxdı.

Hamıya məlumdur ki, devalvasiya  daha çox vətəndaşlara təsir edir və onlar bu prosesdən daha çox əziyyət çəkir. Belə ki, devalvasiya

  • - inflyasiyanın artım tempini sürətləndirir;
  • - idxal edilən məhsulların və komponentlərinin qiymətini qaldırır,
  • - xarici borcların real dəyəri artdığı kimi xarici valyutada kredit götürmüş vətəndaşların da real kredit borcunu  artırır;
  • - eyni zamanda bu prosesin nəticəsi olaraq ixtisarlar başlayır və işsizlik artır;
  • nəticədə isə  yoxsulluq yaranır.

Ailə xərcləri artdığı üçün əhalinin alıcılıq qabiliyyəti enir, məhsul və xidmətlərə tələbat azalır və beləcə yoxsulluq da öz növbəsində bizneslərə birbaşa təsirini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü və bizneslərin zəiflədiyi və  problemlə qarşılaşdığı bu dövrdə ilk növbədə ağıla gələn şey xərclərin azaldılması olur.

Bu düşüncə əslində səhv olmasa da biznesin inkişafı baxımından elədə fayda vermir.

Yaxşı olardı ki, hər kəsin eyni cür düşünüb eyni addımı atdığı bu şəraitdə vəziyyət düzgün qiymətləndirilsin və biznesi inkişaf etdirə biləcək istiqamətlərdə düzgün investisiyalar edilsin.

Çünki hər kəsin xərclərini azaltdığı zaman  təklif və xidmətləri bazardan daha ucuz qiymətə almaq olar. Məsələn bizneslərdə satışı artıracaq marketinq vasitələrini və reklam xərclərini  real bazar vəziyyətində daha ucuz qiymətə əldə etmək olar ki, bu da biznesin böhran dövründə kəskin şəkildə inkişaf etməsinə şərait yarada bilər. Buna görə də biznesi idarə edən şəxs həm də güclü analitik olmalıdır ki, çətin şəraitdə hansı müştəriyə hansı şəkildə təklif verə biləcəyini və həmin məhsulu müştəriyə hansı şərtlərlə və necə çatdıracağını düzgün analiz edə bilsin.

Əslində devalvasiya bizneslərlə bərabər bankların da risklərini nə dərəcədə sığortaladığını aşkara çıxaran bir sınaq oldu.

Bankların  kreditlərin təhlilinə və risklərin idarə edilməsinə hansı peşəkarlıqla  yanaşdığı və fəaliyyətini necə diversifikasiya etdikləri məlum oldu.

Banklar biznes kreditlərini verərkən hər bir təhlilə öz prizması ilə yanaşır. Devalvasiya da kreditlərə məhz bu yanaşmadan asılı olaraq təsir edir. Təbii ki, kredit təhlilinə daha konservativ yanaşan banklar devalvasiyadan daha az kredit riski ilə çıxırlar.

Banklar xarici valyutada yaranmış  öhdəliyi qədər, bir o qədər xarici valyutada aktivlərdə vəsait saxlamalıdır.

Lakin valyuta riskinin azaldılmasına yönəldilmiş bu fəaliyyət həm də öz növbəsində kredit risklərini artırır. Xarici valyutada kreditləşmənin artıq olması devalvasiya və ya iqtisadiyyatın digər böhranlı vəziyyətlərində xarici valyuta ilə kredit götürən şəxsin krediti geri qaytarmaması ehtimalını artırır. Buna görə də bankların maliyyə imkanlarından asılı olaraq xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiq edilməsi üzrə tədbirlərin həyata keçirilməsi daha məqsədə uyğundur. Bu yolla banklar və vətəndaşlar arasında kompromisin əldə olunacağına ümid edirəm.

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et