Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələr artıb, daxilolmalar azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələr artıb, daxilolmalar azalıb

2017-ci ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 19452 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5 mln. 684 min 385 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 12941-i yaşayış evləri və mənzillər, 124-ü inzibati binalar, 6387-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 21,8% artım, sığorta haqlarının məbləğində isə 32,1% azalma müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 969, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31 sığorta müqaviləsi bağlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et