Bugün hərracda üç yanacaqdoldurma məntəqəsi satılıb | Banco.az

Bugün hərracda üç yanacaqdoldurma məntəqəsi satılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, açıq və şəffaf şəraitdə keçirilən budəfəki hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir və obyektlərin sahəsi 15-80 kvadratmetrdir.

Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

Keçirilən hərraclarda qeyri-yaşayış sahəsi və ya kiçik dövlət müəssisəsinə, eləcə də səhmdar cəmiyyətləri və nəqliyyat vasitələrinə sifariş sayının çox olması rəqabətə səbəb olur. Rəqabət isə öz növbəsində əmlakın dəyərini artırmaqla dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Bu il intensiv özəlləşdirmə prosesində daha da böyük məbləğdə büdcəyə daxilolmalar proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bu hərraclar paytaxt Bakı ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında da intensiv hərraclar keçirilir. Bu isə respublika üzrə özəlləşdirmə aktivliyinin təmin olunması, regionlarda da əmlakların satışı sayəsində mülkiyyətçi təbəqəsinin artırılması, büdcə yükünün azaldılması deməkdir.

Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilir və yeni iş yerləri açılır. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur.

Mühüm üstünlük isə ondan ibarətdir ki, hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış təqdim olunur. Bu isə əmlak sahibinə mülkiyyətlə bağlı hüquqi əməliyyatları tam etibarlı şəkildə, heç bir hüquqi maneəsiz yerinə yetirməsi imkanını yaradır. 

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et