Bu ay üçün pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb | Banco.az

Bu ay üçün pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Fonddan verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 22-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Dörd ay ərzində fondun gəlirləri 957,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,4% və ya 82,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7% artaraq 522,7 mln. manata çatıb. Bu daxilolmaların 64,9% və ya 339,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7% və ya 43,5 mln. manat çox olmaqla, proqnozun 105,2% icra edildiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin 4 ayı ərzində fondun xərcləri 941,3 mln. manat olub və bunun 98,3%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Əgər 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2014-cü ilin 1 aprel tarixinə 171,7 manat olub.

2014-cü ilin 1 aprel tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 281 706 nəfər təşkil edib. Onların 61,5%-ni yaşa görə, 27,7%-ni əlilliyə görə, 10,8%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et