Bodo Şeferə məxsus zənginlik prinsipləri | Banco.az

Bodo Şeferə məxsus zənginlik prinsipləri

Prinsip №1 – gəlirin 25%-ni, əlavə gəlirin isə 50%-ni ayırmaqla, özünüz üçün yeni hesab yaradın. Sonra bu pulları investisiya fəaliyyətlərinə yatırın. Banklar yalnız “qəpik-quruş” ödəməyə və inflasiya zamanı pulları xilas etməyə qadirdirlər.

Prinsip №2 – Qənaətcil olun! Yalnız qənaət etməklə və pul toplamaqla bir neçə il ərzində milyonçu olmaq olar. Bədxərc həyat tərzi çox nadir hallarda rifah halının yüksəldilməsinə gətirib çıxara bilər.

Prinsip №3 – Bizim bədbəxtliyimiz ondadır ki, biz pullarla düzgün şəkildə rəftar etmirik. Pulları sevin! İlk növbədə onları xərcləməyi deyil, qorumağı düşünün. Həm də heç kim demir ki, hissi həzzlərdən imtina etmək lazımdır.

Prinsip №4 – Özünüz üçün 7-10 ili əhatə edəcək maliyyə planı hazırlayın. Məqsədinizi və bir neçə ildən sonra qazanmaq istədiyiniz gəlirin məbləğini müəyyənləşdirin. Məqsədə aparan yolda atacağınız addımları öncədən düşünün.

Prinsip №5 – İnsan kiçik arzuların ardınca getməməlidir. Böyük düşünün, böyük arzulara istiqamətlənin. Özünüzə milyardlarla dollar və iş həyatında, siyasətdə böyük uğur arzulayın. Böyük arzular üçün böyük məqsədlər müəyyən edin. Qarşıya qoyulan məqsədlərə nail olmaqla arzularınızı gerçəkləşdirin.

Prinsip №6 – Siz hər hansı bir milyonçuya və ya milyarderə məxsus düşüncə prinqiplərinə sahib olmalısınız.

Prinsip №7 – Özünüzdən əmin olun. Prinsiplərinizi yaradın. Özünə əmin olan insanlar istər pulları, istərsə də digər insanları cəlb etməyi bacarır. Hətta işləriniz yolunda getməyəndə də sonda uğur qazanacağınıza inanın (Bodo Şefer 26 yaşında müflisləşmə təhlükəsi ilə üzləşdi və nəticədə sahib olduğu hər şeyi itirdi. Lakin o özündə güc taparaq ayağa qalxmağı bacardı və yenidən milyonçu adını qazandı).

Prinsip №8 – Problemlər sizi qorxutmasın! Təkcə uğurlara deyil, hətta problem və uğursuzluqlara da sevinməyi bacarın. Əksər hallarda böyük məqsədlər böyük problem və çətinliklər yaradır. Problemləri həll etməklə biz daha güclü insana çevrilirik!

Prinsip №9 – (məzmun baxımından, 8-ci prinsipin davamı): İnsan həyat yolunda yıxılıb qalxmaqla daha güclü insana çevrilə bilər. (bu cümləni unutmayın). Bu cümlə iflasa məruz qalmış insanların həyat devizi olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Prinsip №10 – Maliyyə məhdudiyyəti və xərclərin planlaşdırılması qaydası olmadan maliyyə rifahına nail olmaq mümkün deyil. Maliyyə azadlığına sahib olmaq üçün ilk növbədə maliyyə məhdudiyyəti tətbiq olunmalıdır.

Prinsip №11 – Uğur yalnız onu rəqsə dəvət edənlərin rəqs partnyoru olur!

Prinsip №12 – Əgər siz hər hansı bir işi görmək qərarına gəldikdən sonra 72 saat ərzində bu işin icrasına başlamamısınızsa, böyük ehtimalla daha heç vaxt bu işə vaxt ayırmayacaqsınız. Belə halların 85%-də eyni nəticənin əldə olunması ehtimalı mövcuddur.

Prinsip №13 – Gələcəkdə zəngin olacağınıza inanırsınızmı? Əslində burada inam o qədər böyük rola malik deyil. Əgər siz sadə qaydalara və maliyyə vəziyyətinin idarə edilməsi prinsiplərinə əməl etsəniz, mütləq zəngin olacaqsınız! Həm də 7-10 il ərzində bu məqsədinizə nail ola bilərsiniz. Elə ona görə də bugündən etibarən pullarınızla düzgün şəkildə rəftar etməyi öyrənin.

Prinsip №14 – 20% səy göstərməklə, 80%-lik nəticələr əldə etmək mümkündür. 80% səy göstərdikdə isə 20%-lik nəticələr əldə oluna bilər.

Prinsip №15 – Hər bir insanın zəngin olmağa haqqı var. Zəngin olmaq üçün varlı ailədə dünyaya gəlmək və ya yaxşı təhsil almaq şərt deyil. Bunun üçün pullarla düzgün rəftar etmək və mükəmməlliyə istiqamətlənmək kifayətdir.

Prinsip №16 – Özünə inanmaq və pozitiv olmaq maliyyə uğuru əldə etməyin əsas prinsipləri hesab olunur. Uğurlarınızın siyahısını hazırlayın və bu siyahını qeyd kitabçasına əlavə edin. Bodo Şefer həmin kitabçada hər gün uğurla başa çatdırdığınız 5 işin adını qeyd etməyi məsləhət görür.

16-cı prinsipə əlavə - Əgər gün ərzində etdiyiniz qeydlərin sayı 5-ə çatmırsa, bu zaman yalnızca həmin günün sizin üçün nə ilə yadda qaldığını qeyd edin. Qeydinizdə yaşadığınız günə nəyə görə minnətdar olduğunuzu vurğulamağı unutmayın.

Prinsip №17 – Öz sağlamlığınız haqqında düşünün. Sağlamlıq vəziyyəti yerində olmayan insan üçün uğur əldə etmək  çətindir. Sağlamlıq olmadan əldə etdiyiniz zənginlik sizə xoşbəxtlik gətirə bilməz.

Prinsip №18 – Hər zaman minimum 6 ay müddətində sizin maddi ehtiyaclarınızı qarşılayacaq maddi ehtiyatlara sahib olmalısınız. Həyatda hər şey ola bilər. Siz işinizi, gəlirlərinizi, əmək qabiliyyətinizi və hətta borc almaq imkanını itirə bilərsiniz. Adətən, bir çox uğurlu iş adamları bu qaydalara məhəl qoymurlar.

Prinsip №19 – Yüksək qazanc əldə etmək üçün yaxşı biliklərə sahib olmaq lazımdır. Hər zaman yeni biliklər əldə etməyə və dünyagörüşünüzü genişləndirməyə çalışın. Axmaqların yalnız kazino oyunlarında bəxti gətirir.

Prinsip №20 – Kapitalizm – içində timsahların olduğu hovuza bənzəyir. Bu səbəbdən kapitalizm dövründə yaşadığınızı unutmayın. Yalnız ən güclü olan həyat mübarizəsini davam etdirə və zəngin ola bilər.

Prinsip №21 – Zənginlik sizin kazinoda, restoranda, kurortda və ya mağazada xərclədiyiniz pulların həcmi ilə deyil, kənara ayırdığınız və qənaət etdiyiniz pulların məbləği ilə ölçülür.

Prinsip №22 – Aldığınız məvacib əməyinizin qarşılığını ödəmir? Əgər narazı olduğunuz halda bu ödəniş müqabilində işləməyə davam edirsinizsə, demək ki, gördüyünüz iş sizin üçün müəyyən olunmuş əmək haqqına layiqdir. Əgər sizi nəsə qane etmirsə, işinizi, həyat tərzinizi, dünyaya baxışınızı dəyişin!

Sevinc İbadova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et