Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir | Banco.az

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.

Plan çərçivəsində ilk iclas Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iclasda açılış nitqi ilə çıxış edərək bildirib ki, plan üzrə 2019-cu ilin əvvəlində istifadəyə verilən yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və inkişaf sahələrinin müəyyən olunması prioritet istiqamət olub. Həmçinin yeni rəqəmsal sistemlərin “Azərbaycanın uğurlu təcrübəsi” kimi beynəlxalq müstəvidə yayılmasının sürətləndirilməsi məqsədilə konkret işlər görülür: “Prezident İlham Əliyevin rəhbərliyilə bu il ərzində "Doing Business"in bütün indikatorları üzrə islahatlar dərinləşdirilmişdir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az portalı üzərindən dövlət-özəl dialoqu əsasında Prezidentin tapşırıqlarını uğurla icra edir.”

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu ilə keçirilən iclasda Bakı şəhəri üzrə istifadə edilən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər/biznes assosiasiyaları ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təkmilləşdirmə imkanları müəyyən olunacaq.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları ilə İcra və Kommunikasiya Planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə Planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,  Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “Ekvita”, “BM Morrison Partners”, "Bakı Hüquq Mərkəzi" iştirak edib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et