"Biz sadəcə keyfiyyətli olmağa çalışdıq, müştərilərimizi aldatmadıq" - Tamerlan İsmayılov | Banco.az

"Biz sadəcə keyfiyyətli olmağa çalışdıq, müştərilərimizi aldatmadıq" - Tamerlan İsmayılov

Hələ tələbəlik illərindən iş həyatına atılıb. Deyir ki, bu onun sonrakı fəaliyyətinə böyük töhfə verib. Hərtərəfli inkişaf üçün bunu çox önəmli hesab edir. Düşünür ki, öz işini peşəkar şəkildə edən hər kəs nə vaxtsa mütləq uğur qazanacaq. Müsahibim “Brandup” agentliyinin həmtəsisçisi və “Majlis” business Network-ün rəhbəri Tamerlan İsmayılovdur.  Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasını bitirən həmsöhbətim hələ tələbəlik illərindən könüllü işlərdə, ictimai fəaliyyətlərdə aktiv olub: “Üçüncü kursdan etibarən isə işləməyə başladım. İş elə gətirdi ki, 2 il ərzində çalışdığım müəssisənin rəhbəri oldum, yəni universiteti bitirəndə ilk rəsmi işim direktorluq oldu. Bu da mənə çox şey öyrətdi, hərtərəfli inkişaf etməyimə səbəb oldu, hər sahəni bir az yoxlama imkanı verdi. Tələbə vaxtından işləməyə başladığım üçün, artıq iş həyatına adaptasiya olmuşdum. 1 il direktor kimi çalışdıqdan sonra, marketinq üzrə ixtisaslaşmağa qərar verdim və bir şirkətlər qrupunda marketinq menecer olaraq fəaliyyətimi davam etdirdim. Burada müxtəlif sektorlardan şirkətlər olduğu üçün, mənim üçün ciddi təcrübə oldu.
Hələ məktəb vaxtlarından öz işimi qurmağa həvəs və maraq var idi, burda çalışan zaman bu həvəs artıq hədəfə çevrildi və şans yarananda mən bu şansı əldən vermədim. Beləliklə də “Brandup” yarandı. “Brandup” marketinq və dizayn xidmətləri göstərir. Bir az da dərinliyinə getsək fəaliyyət sahəmiz rəqəmsal marketinq, vebsayt və mobil tətbiqlər, brendinq, dizayn, marketinq konsultasiyalar istiqamətindədir”.

 

-Azərbaycanda yeni təşəkkül tapan sahələrdən biri üzrə çalışırsınız. Sizcə, bu sahənin inkişafı üçün nələr edilməlidir? Hazırda əsas problemlər və boşluqlar nədir?

Problemlərin olduğu aydın məsələdir və bu problemlər bizim yaralı yerimizdir. Əslində tarixə nəzər salsaq, dünyada ilk agentlik 1786-cı ildə yaranıb, bizdə isə bu 1990-cı illərin sonlarına təsadüf edir. Bu rəqəmlərə baxanda sözügedən sahəni  ölkəmizdə yeni və oturuşmamış sahələrə aid etmək olar. Ən böyük problemimiz vahid nizamlanmanın, normativlərin olmaması, bu sahədə iş qurmağın çox asan olmasıdır. Bu işə qeyri-ciddi yanaşan, peşəkar olmayan şəxslər şirkətlərdə yerli agentliklərə qarşı olan inamı sarsıdır və ümumilikdə bu bazara ciddi ziyan vurur.

- 3 ildə böyük məsafə qət edə bilmisiniz. Sizcə bunun səbəbi nədir?

- Biz sadəcə keyfiyyətli olmağa çalışdıq, müştərilərimizi aldatmadıq və durmadan öz üzərimizdə çalışdıq, hələ də çalışırıq. Belə dinamik, daim yenilənən sahədə öz inkişafına ciddi investisiya- vaxt, pul, enerji yatırmalısan.

 

- Sizə görə bu işi hər kəs görə bilər, ya xüsusi istedad tələb olunur?

- Heç bir iş hamı üçün deyil, hər iş üçün xüsusi bilik və bacarıqlar tələb olunur. Bizim sahə isə xüsusilə yüksək zəka, məntiq, zövq, biznes düşüncəsi, strateji düşünmə bacarığı tələb edir.

 

- Şəxsi profilinizdə maarifləndirmə xarakterli məlumatlar da paylaşırsınız. Sizcə sosial şəbəkələr iş üçün nə dərəcədə önəmlidir?

- Sahədən asılı olaraq əhəmiyyətlilik dərəcəsi dəyişə bilər, amma ümumi olaraq düşünürəm ki, sosial şəbəkələr iş həyatında böyük rol oynayır.  Ciddi karyera hədəfləri olan insanlar şəxsi brendinq istiqamətində daim işləməlidirlər. Sosial şəbəkələr isə bizə bu istiqamətdə əlçatan imkanlar yaradır, onlardan istifadə etməmək yumşaq desək günahdır.

 

- Yeni sahə olduğundan bu istiqamətə meyl edən gənclərin sayı da çoxdur. Yeni başlayanlara nə tövsiyə edərdiniz?

- Tövsiyə edərdim ki, bu sahəni ciddi araşdırsınlar, müxtəlif şirkət və agentliklərdə çalışaraq təcrübə toplasınlar, bu sahənin mütəxəssislərinin toplaşdığı tədbirlərdə, yığıncaqlarda, forumlarda iştirak etməyə çalışsınlar. Ən əsası isə çox oxumaq, araşdırmaq lazımdır.  

 

- Aydındır ki, qabaqcıl ölkələrdə seçdiyiniz sahə daha çox inkişaf edib. Nə vaxtsa bu işin təhsilini xarici universitetlərin birində almaq istərdinizmi? Yaxud orada hansısa şirkətdə təcrübə keçmək? Bunun üçün cəhdlər edirsinizmi?

- Əlbəttə, xarici təcrübə çox önəmlidir, Avropanın ən yaxşı sosial media agentliklərindən biri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi edirik daimi. Düzünü desəm, indiki halda təhsil haqqında düşünmürəm. Amma xaricdə forumlar, təlimlər olduqca dəyərləndirməyə çalışıram.

- Bir az da “Majlis Business Network”dan danışaq. Necə oldu ki, bu layihə yarandı?

- 2016-cı ildə “Youth in Business” yarışmasının jüriləri olaraq bir araya toplanmışdıq. Yarışdan sonra eyni heyətlə görüşləri davam etdirdik, 1 il stabil olaraq görüşüb, maraqlı müzakirələr edirdik, mövzular təyin edib təlimlər verirdik bir-birimizə. 2017-ci ilin may ayından bu fəaliyyəti ictimaiyyətə də açıq elan etdik. O vaxtdan bəri müxtəlif formatlarda 20-dən çox netvörkinq tədbiri həyata keçirmişik. Hal-hazırda “Majlis” idarə heyəti səkkiz iş adamından və bir nəfər koordinatordan ibarətdir. Gələcəkdə müəyyən xidmətlər təklif etmək niyyətindəyik. Yaxın gələcəkdə bu barədə məlumat verəcəyik. İndiki halda, biz şirkətlərlə əməkdaşlıq edərək onlara istədikləri şəxslərə və bazarlara çıxmaqda yardımçı oluruq. Həmçinin, şirkətlər keçirdiyimiz tədbirlərə tərəfdaş qismində qoşularaq faydalana bilirlər.

 

- Sektorda olan digər şəbəkələrlə əlaqəniz varmı?

Əlbəttə, hər kəslə əlaqələrimiz yaxşıdır, digər şəbəkələr bizim, biz də onların tədbirlərində iştirak edirik. Çünki son nəticədə, məqsədimiz  eynidir. Əsas istəyimiz ölkənin biznes mühitinin inkişafı, yeni perspektivlər yaratmaqdır.

 

- Sirr deyilsə sonda gələcək planlarınız haqqında soruşmaq istərdik?

Gələcəkdə öz sahəmiz üzrə  həm ölkə daxilində, həm də ölkədən kənarda daha böyük layihələr etmək niyyətindəyik. Bu günə qədər İngiltərə, İsveçrə, C. Koreya, Qazaxıstan, Türkiyə və s. ölkələrin şirkətləri ilə əməkdaşlıq etsək də, bir çox qlobal brendlərlə çalışsaq da, bu istiqamətdə ixracı artırmaq istəyərik. Hesab edirəm ki, Azərbaycan agentliklərinə böyük layihələr həvalə olunmalı, məsuliyyətlər verilməlidir. Əgər bu olmazsa biz  həmişə başqalarının işlərinə baxıb heyran qalacağıq.

Şəbnəm Mehdizadə, banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç