Birinci qəzetimiz | Banco.az

Birinci qəzetimiz

1875-ci il iyul ayının 22-də Bakıda Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin nəşrə başlaması ilə milli mətbuat tariximizin bünövrəsi qoyuldu.

XIX əsrin ikinci yarısında neft sənayesinin qeyri-adi inkişafı və dünya kapitalının Bakıya axını ilə bağlı olaraq Azərbaycanda yeni ictimai-siyasi münasibətlər sistemi formalaşmağı başlamışdı. Bərqərar olmağa başlayan təzə ictimai-siyasi formasiya, sadəcə, kapital-pul münasibətləri, sənayeləşmənin inkişafı, o vaxt üçün ən müasir infrastrukturların (Azərbaycanı dünyaya bağlayan dəmir yolu, poçt, teleqraf…) yaranması ilə məhdudlaşmırdı. Kapitalizm ölkədə tarixin məzmunca tamamilə fərqli bir mərhələsinə keçid yaratmışdı, tarix səhnəsinə millət gəlmişdi…

Millətin varlığını təsdiq etmək, onu təşkilatlandırmaq üçünsə, hökmən, milli maraqları ifadə edən, bir araya gətirən təsisatların yaranmasına ehtiyac var idi: məsələn, milli teatr, milli mətbuat, milli məktəb və s. yaradılmalı idi.

Azərbaycanda tarixin yetişdirdiyi bu zərurəti hiss və dərk edən şəxsiyyətlərdən biri və birincisi, heç şübhəsiz, Həsən bəy Zərdabi oldu: hələ 1873-cü ildə öz şagirdi, Bakıdakı rus gimnaziyasının tələbəsi Nəcəf bəy Vəzirovla bünövrəsini qoyduğu teatr tarixin tələb etdiyi həmin təsisatlardan biri idi. Elə o illərdə Həsən bəy Azərbaycanı el-el, oymaq-oymaq gəzib, milləti təşkilatlandırmaq naminə başqa bir qurum - xeyriyyə cəmiyyəti yaratmaq arzusunda idi. Lakin hələ cəmiyyətdə milli şüurun yaranmaması, milli maraqların formalaşmaması onun bu arzusunu həyata keçməyə qoymadı.

Həsən bəy isə tarixin ictimai şüurdan daha sürətlə hərəkət etdiyini hiss edirdi və görürdü. O, zamanın verdiyi fürsətləri və yaratdığı təhlükələri aydın dərk edirdi. Zamanın ayağı altında qalmamaq üçün onunla ayaqlaşa bilməyin zəruri olduğunu anlayırdı. Milli taleyimizin tarixin sürətlə hərəkətə gələn ritminə uyğunlaşa bilməsi üçün bir iş görməyə ehtiyac var idi və bu işi görmək, düşüncələri silkələyib hərəkətə gətirmək, nə qədər çətin olsa da, onun boynuna düşürdü. Təxminən 30 il sonra Həsən bəy "Əkinçi"nin yaranma zərurətini belə ifadə etmişdi: "Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş tədricən əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".

Öz varlığını yanıqlı bir haray kimi ortaya qoymuş olan "Əkinçi" qəzeti belə bir tarixi missiya ilə yarandı: həmvətənlərin görməyən gözlərini, eşitməyən qulaqlarını açmaq, onları doğru söz vasitəsilə maarifləndirmək. O vaxt Azərbaycanda bütün millətin maraqlarını ifadə edə biləcək düşüncənin, başqa sözlə desək, milli ideologiyanın formalaşdırılmasına ehtiyac yaradan amillərdən biri də, heç şübhəsiz, qonşu xalqların, xüsusən artıq bizimlə rəqabətə başlamış ermənilərin bir çox məsələlərdə, daha çox da təşkilatlanmaqda bizdən xeyli öndə olması idi. "Qafqazda iki milyonacan müsəlman var, amma bununla belə, onlar bircə qəzeti də dolandıra bilmir və halbuki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var. Əlbəttə, bu barədə bizim kənd əhlində taxsır yoxdur, mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırdır əli qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib "Əkinçi" gətirsin. Amma çifayda kənd əhli poşt adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir". Bunu Həsən bəy Zərdabi "Əkinçi" qəzetində yazırdı. Özü də əli qabarlı, üzü tərli insanların - xalqın mövqeyindən çıxış edərək yazırdı. Başqa bir qeydində isə diqqəti ermənilərin dəftər tutaraq siyahı ilə pul yığıb məktəb açdıqlarına, teatr yaratdıqlarına yönəldirdi. Müsəlmanların bu məsələlərdə dala qalmaqlarının, həmin əli qabarlı, üzü tərli xalqın bu vəziyyətə düşməsinin səbəbini isə maarifsizlikdə, ixtiyar sahiblərinin elmə, ədəbə yabançılığında görürdü: "Amma bizim müsəlmanlar nə ki, elm və ədəb dalınca olmurlar, hətta onların miyanında məhəbbət, qardaşlıq rəsmi olmadığına öz fəqir-füqəralarına da kömək etmirlər".

Ən sərfəli kredit üçün müraciət et

"Əkinçi" qəzeti var olduğu iki il ərzində, hər şeydən əvvəl, insanların düşüncə tərzi, onların içində kök salmış ətalət, onları qabağa getməyə qoymayan puç təsəvvürlər ilə mübarizə apardı, millətə olan sevginin və xidmətin yolunu millətin maariflənməsində, savadlanmasında və təşkilatlanmasında gördü.
"Əkinçi"nin müdrikliyi və böyüklüyü onda oldu ki, onun torpağa əkdiyi fidan sağlam böyüdü, çox tezliklə çağdaş düşüncəli, millətin taleyinin məsuliyyətini üzərinə götürməyə hazır olan Azərbaycan ziyalılarının yeni nəsli yetişdi, çoxsəsli, çoxrəngli Azərbaycan mətbuatı yarandı, milli ideologiya formalaşaraq kamilləşdi, millətimizin imzası imzalar içində özünə yer tutdu. Millətimiz tarixin sonrakı ən sərt sınaqlarına sinə gərməyi, qanlı döyüşlərdən keçərək öz varlığını qorumağı bacardı. Hər tərəfdən - şimaldan, cənubdan, qərbdən, şərqdən yönələn bütün təzyiqlərə baxmayaraq Azərbaycan dünyada demokratik respublika qurmuş ilk müsəlman dövləti oldu.

Demokratik dəyərlər üzərində qurulmuş Azərbaycan dövlətinin və dövlətçiliyinin təşəkkül tapmasında, heç şübhəsiz ki, ilk milli qəzetimizin - "Əkinçi"nin və onun yaradıcısı Həsən bəy Zərdabinin xüsusi yeri var…

Məti OSMANOĞLU

Ən sərfəli krediti almaq üçün müraciət et