Birinci kurs tələblərinə kredit SƏDDİ: Ən çox pul lazım olanlara rədd cavabı | Banco.az

Birinci kurs tələblərinə kredit SƏDDİ: Ən çox pul lazım olanlara rədd cavabı

Bankların təqdim etdiyi kredit növləri arasında biri də təhsil kreditidir. Bu kredit növü Azərbaycanda 2016-cı ildən tətbiq edilməyə başladı. Bu məqsədlə Təhsil Nazirliyinin təşəbbüsü ilə Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Fond 10 dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Günümüzdə ali məktəblərdə təhsil alan kifayət qədər tələbə var. Amma maraqlısı odur ki, ölkəmizdə təhsil kreditinə olan maraq demək olar ki, yox səviyyədədir. 

Görünür, ölkəmizdə fəaliyyət göstərən banklar da bu tip krediti təklif etməkdə maraqlı deyil. Başqa bir səbəb də vətəndaşların bank sektoruna olan güvəninin sarsılmasıdır. Əks təqdirdə təhsil krediti verən bankların sayı çox olardı. Bu gün təhsil krediti verən bankların siyahısını nəzər salaq:

Bank of Baku -avqustun 31 -nə qədər aksiya keçirir. Təhsil krediti tələbənin valideynin və ya qohumunun adına rəsmiləşdirilir. Kampaniya çərçivəsində kredit götürülərkən komissiya haqqı tələb olunmur. Bundan başqa 3 faizdə illik faizlərə endirim edilir. Təhsil kreditinin məbləği isə 36 ay müddətinə 10 min manata qədər nəzərdə tutulub. Kreditin illik faizi 26-32 faizdir.

Bank BTB - təhsil krediti götürmək istəyənlər üçün kampaniya keçirir. Belə ki əvvəllər illik faiz dərəcəsi 34 faiz idisə, indi bank bu göstəricini kampaniya ilə əlaqədar olaraq 30 faiz endirib. 2 min manata qədər kredit zaminsiz verilir. Bank BTB təhsil kreditini maksimum 3 il müddətinə 3 min manat məbləğində verir.

Bank Respublika - təhsil krediti götürərək təhsil almaq istəyən tələbələr üçün sentyabrın 2-nə kimi kampaniya keçirir. İllik kredit faizi 30-36 faizdən 28 faizə endirilib. Bundan başqa komissiya haqqı da yoxdur. Kreditin məbləği 350-3000 manat arasında dəyişir.

Təhsil eksperti Nadir İsrafilov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın 2005-ci ildə Bolonya sisteminə qoşulması təhsil krediti ilə əlaqədar məsələni aktuallaşdırdı: “Bolonya sisteminə qoşulan ölkələr, ali məktəb tələbələrinə çox geniş spektrdə tələbə kreditləri verirlər. Kreditlər 3 faiz, ən yüksək halda isə 4-7 faizlə 15-20 illik müddətə qədər təqdim olunur. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 1000-3000 arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi bir daha göz önünə gəlir. Əgər beynəlxalq təhsil sisteminə inteqrasiyadan söhbət gedirsə, dünyada belə təcrübə geniş yayılıb və mexanizmlər müxtəlifdir. Hansısa təhsil alan bir tələbə 5 illik kredit götürür, 5000 manat və ya dollarla. Bu krediti götürdükdən sonra, tələbə universitetdə təhsil haqqını, ödənişini ödəyir.

Təhsilini bitirib işlədikcə, müqaviləyə əsasən, 5, 10, 15, hətta 20 ilə qədər müddətə o pulu qaytarmalıdır. Bütün bunları nəzərə alaraq, hətta Azərbaycanda təhsil krediti haqqında qanun layihəsi də hazırlandı. Bildiyim qədər layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişir. Bu və digər səbəblərdən "Təhsil krediti haqqında" qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək”.

Ekspert onu da qeyd edib ki, son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil: “Ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilməyib. Ödənişlərin yüksələn məbləğ ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi ilə əlaqədar Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başlayıb. Deyilən və yazılanlara görə fondun əsas missiyası bu yolla onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Lakin burda da müəyyən baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir. Məsələn, gərək təsisçi universitetlərin birində təhsil alasan, yaşın 25-dən çox olsun, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmasın, tələbə hər il kredit götürmək üçün fonda müraciət edəcək, amma onun akademik göstəricisi 71 baldan az olduğu halda ona həmin il kredit verilməyəcək və s. Sonda onu qeyd etmək istərdim ki, bir halda təhsili hamı üçün əlçatan etmək kursunu götürmüşük, təhsil alanlarımızın sosial problemlərinin həll olunmasında da əlçatanlıq yaratmalıyıq”.

Niyə istənilən bank təhsil krediti vermir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, təhsil krediti Azərbaycanda yeni başlanmış layihədir: “Problem ondan ibarətdir ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır. Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz. Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Bütün dünyada təhsil krediti bazarının formalaşması mərhələsi dövlət himayəsilə olur. Bu baxımdan Azərbaycanda da bu sahəyə dövlətin nəzarət etməsi, banklarla işin qurulması, təbii haldır. Zənnimcə, bu layihənin uğur qazanacağı da şübhə altındadır. Əgər gələcəkdə mexanizm formalaşacaqsa, istənilən bank təhsil kreditin verməkdə iddialı ola bilər. Bu iddiaları da reallaşdırmaqdan ötəri həmin bankın müəyyən kriteriyaları olmalıdır. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın.

Xaricdə banklar bu növ krediti əsasən reytinqlərinin qalxması xatirinə verir. Hökumət də maraqlıdır ki, daha etibarlı, daha uzun müddətə ödəmə qabiliyyəti olan bankları bu kreditlərə cəlb etsin. Ona görə də kreditə ehtiyacı olan sahibkar bank seçəndə onun təhsil krediti verməsi, onun üstünlüyüdür. Bu, etibardır. Tələbə 5 il oxuyandan sonra götürdüyü təhsil kreditini ödəməyə başlayır. Ona görə də bu növ kredit verən banklar daha etibarlı sayılır. Təbii ki, ilkin mərhələdə bazar mexanizmi tam formalaşana qədər bu məsələyə dövlət dəstəyi olmalıdır. Azərbaycanda maliyyə siferasının halallığı, dürüstlüyü hamıya bəllidir. Ola bilsin ki, hansısa haqsızlığa yol verilir, amma faktiki olaraq realdır ki, birinci mərhələdə hökumət dəstək verməklə yanaşı, həm də müəyyən kriteriyalar qoymalıdır. Vacib deyil ki, tənzimləmə mexanizmləri birbaşa hökumətin əliylə olsun”.

İqtisadçı təhsil krediti vermək üçün tətbiq olunan şərtlərlə razı olmadığını da deyib: “Təhsil krediti I kurs tələbəsinə verilmir. Bu kredit növü Azərbaycan üçün ənənəvi proses deyil. Bu gün kreditə ehtiyacı olan insanların böyük əksəriyyəti aztəminatlı ailələrdir. Əgər ailənin aylıq, illik gəlirləri şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac var? Hesab edirəm ki, ilbəil proses dəyişilməlidir. Bazar formalaşandan sonra banklar müstəqil şəkildə təhsil krediti verməkdə maraqlı olacaq. 

Əgər Azərbaycan hökuməti bu bazarı inkişaf etdirə bilsə, gələcəkdə hökumətə ehtiyac olmayacaq. Tələbə banka müraciət edib müstəqil şəkildə kredit götürə biləcək. Bu məsələ aktuallığını itirəcək. Avropada qabiliyyəti olan, lakin pulu olmayan istənilən insan müraciət edib sərbəst şəkildə kredit götürə bilir. Azərbaycanda da bu sahəni inkişaf edib bu mərhələyə çatmaq lazımdır. Bu mərhələyə qədər müəyyən çatışmazlıq olacaq. Təhsil kreditinin mexanizminin fəlsəfəsində qabiliyyəti olan, ancaq imkanı olmayan tələbə durmalıdır”.

Yeganə Oqtayqızı, Cebhe.info

Ən sərfəli krediti almaq üçün müraciət et