Beynəlxalq Əmək Təşkilatı Azərbaycanın uğurlu siyasətini qiymətləndirib | Banco.az

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanın uğurlu siyasətini qiymətləndirib

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanı gənclərin məşğulluğu sahəsində uğurlu siyasətə malik ölkələr sırasına daxil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasət və əldə olunan uğurlu təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunun növbəti ifadəsi kimi, Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytındakı 
“Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təminatı məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib. 

Bununla əlaqədar, BƏT-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubda bildirilir ki, gənclərin məşğulluğunun təminatı BƏT-in fəaliyyətinin əsas tezislərindən biridir və üzv ölkələrdə bu sahədə aparılan siyasət və həyata keçirilən proqramlar təşkilat tərəfindən diqqətlə izlənilərək qiymətləndirilir. 

Azərbaycanın gənclərin əmək bazarında layiqli yer tutmaları, onların məşğulluğu sahəsində malik olduğu səmərəli siyasət, dolğun hüquqi baza, uğurlu iş təcrübəsi BƏT-də müsbət dəyərləndirilərək, təşkilatın saytında təqdim olunan beynəlxalq məlumatlar bazasında yerləşdirilib. 

Məlumatlar bazası gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində qabaqcıl ölkələrin müasir çağırışları əks etdirən uğurlu siyasət və təcrübələrinin ümumən dünyada yayılması və ayrı-ayrı ölkələrə gənclər arasında işsizliyin aradan qaldırılmasında bu təcrübələrdən istifadə imkanları yaradır.

Xatırladaq ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına da daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et