Beynəlxalq Bankın problemli kreditləri və niyə məhz “Aqrarkredit"? | Banco.az

Beynəlxalq Bankın problemli kreditləri və niyə məhz “Aqrarkredit"?

“Beynəlxalq Bankın maliyyə sabitliyinin təmin edilməsi və bu yolla da onun özəlləşməyə hazırlanması məqsədilə imzalanmış Prezident fərmanı olduqca əhəmiyyətli addımdir. Beynəlxalq Bank ətrafında yaranmış vəziyyətdə onun sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması ən düzgün seçimdir”.

Bunu 90-cı illərin sonunadək Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olmuş, sabiq maliyyə naziri, professor Fikrət Yusifov bankın özəlləşdirməyə çıxarılması barədə Prezident İlham Əliyevin imzaladığı fərmanı şərh edərkən deyib.

Mətbuat səhifələrində Prezident fərmanına fərqli münasibətlərə rast gəlindiyini qeyd edən F.Yusifov bəzi hallarda məsələyə doğru qiymət verilmədiyini bildirib: “Bəziləri yazırlar ki, dövlət müəssisəsinin özəlləşdirilməsində məqsəd bu özəlləşmədən sonra həmin müəssisənin sağılamlaşdırılmasına nail olmaqdan ibarətdir və elə bu səbəbdən Beynəlxalq Bank da eyni prinsiplərlə özəlləşdirilməli idi. Lakin Prezidentin fərmanı nəzarət zərfi dövlətə məxsus olan bankı əvvəlcə sağlamlaşdırmaq və yalnız bundan sonra özəlləşdirmək yolunu nəzərdə tutur. Əlbəttə, Beynəlxalq Bankı da digər müəssisələr kimi sağlamlaşdırma tədbirləri görmədən özəlləşdirmək olardı. Lakin bankı yalnız sağlamlaşdırdıqdan sonra özəlləşdirməyə çıxarmaq qərarının çox ciddi əsasları var. Burada əsas məqsəd bankın bütün səviyyələrdən olan müştərilərini gələcəkdə yarana biləcək hər hansı problemlərlə üzləşməkdən tam sığortalamaqdan ibarətdir. Unutmaq lazım deyil ki, bank adi müəssisə deyil. İndiki halda isə söhbət yüz minlərlə əmanətçisi olan, cəlb edilən əmanətlərin və kredit qoyluşlarının həcminə görə ölkənin ən iri bankı sayılan Beynəlxalq Bankdan gedir. Məlum fərmanla dövlət bütün məsələlərin həllində olduğu kimi, bu məsələnin də həllində vətəndaşların yanında olduğunu göstərdi”.

Ən sərfəli kredit üçün müraciət et

F.Yusifov bankın prioblemli kreditlərini ayıraraq idarə etmək üçün "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsinin birmənalı qarşılanmamasına da münasibət bildirib. Sabiq nazir qeyd edib ki, bəziləri məsələlərin mahiyyətini dərindən araşdırmırlar: “Hesab edirəm ki, yanaşmaların bir çoxu məlumatsızlıqdan irəli gəlir. Hər bir addımı, hər bir qərarı əsaslandıran şərtlər və amillər var. Məlumatı olmayan, primitiv hesablamalar və təhlillərlərlə gündəmdə qalmağa çalışan “ekspertlər” yazırlar ki, Beynəlxalq Bankın problemli kreditləri guya bu sahədə təcrübəsi olmayan bir struktura həvalə olunub. Qətiyyən belə deyil. Beynəlxalq Bankın problemli kreditlərinin idarəçiliyinin "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi təsadüfi hesab olunmamalıdır. Çünki bu təşkilat kredit bazarında kifayət qədər təcürbəsi olan və problemli kreditlərin idarə olunması sahəsində ixtisaslaşmış maliyyə strukturudur. "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası üzrə Bankının bazasında yaradılmışdır. Nəzərə almaq lazımdır ki, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı yaradılarkən keçmiş Aqrar Sənaye Bankının təşkilati hüquqi forması saxlanılmışdır. 2001-ci ildən fəaliyyət göstərən bu təşkilat 14 illik fəaliyyəti müddətində problemli kreditlərin idarə olunması sahəsində öz hesabına kifayət qədər ciddi nəticələr yazıb. Onun rəhbəri isə respublikada peşəkar bank mütəxəssislərindən biridir. Beynəlxalq Bankın problemli kreditlərinin məhz bu təşkilata verilməsi tamamilə düzgün seçimdir”.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et