Bazarda satmağa ev tapılmır | Banco.az

Bazarda satmağa ev tapılmır

Satışa çıxarılan bina evlərinin sayı minimum həddə düşür, həyət evləri ilə bağlı təklif artır

Paytaxtın "Sovetski" adlanan ərazisində evlərin sökülməsi fonunda son günlərin ən aktual mövzularından biri də mənzillərin qiyməti ilə bağlıdır. Artıq məlumat verildiyi kimi, mənzil bazarında xeyli dərəcədə bahalaşma qeydə alınıb və bu proses davam edir. Lakin hazırda məsələnin maraq doğuran tərəfi təkcə bununla məhdudlaşmır.

Daha bir maraqlı nüans odur ki, bazarda getdikcə ciddi mənzil qıtlığı yaranır. Bu, əsas etibarı ilə "ekonom klass" evlərə aiddir. Hətta maklerlər özləri də etiraf edirlər ki, indi satmağa bəzən belə ev tapmırlar. Elə bu, bahalaşma prosesini tətikləyən əsas hallardan birinə çevrilib.

Digər tərəfdən, sökülən ərazilərdə kompensasiyaların paylanması və söküntüyə start verilməsi daşınmaz əmlak bazarında qiymətləri daha sürətlə artırır. Son bir ay ərzində paytaxt və ətraflarda qiymətlər 20 faizədək coxalıb. Söküntü ilə ilgili qiymətlərin daha çox bahalaşması da gözlənilir. O da bəllidir ki, söküntü işləri "Sovetski” ilə yanaşı, "Papanin”, "Xutor” və "Kubinka” kimi əraziləri də əhatə edəcək. Özü də sökülən ərazilərdə mənzillər yox, yaşıllıq və sosial obyektlər inşa ediləcək. "Sovetski”də isə Qış bulvarının davamı olaraq, həmin ərazi abad bir parka çevriləcək. Qeyd olunduğu kimi, söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektləri tikiləcək. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən çoxmərtəbəli binaların da sökülməsi gözlənilir. Məsələn, məlumatlara görə, Hüseyn Cavid bağından Nərimanov prospekti istiqamətində olan 16-mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur.

Beləliklə, daha çox insanın evə ehtiyacı yaranacaq. Əsasən də "ekonom klass" evlərə böyük tələbin yaranması qaçılmazdır və hazırda bu proses özünü büruzə verməkdədir. Təkcə "Sovetski”də 10 mindən çox evin sökülməsi nəzərə alınarsa, bu o deməkdir ki, mənzil bazarında tələb həmişəkindən daha çox artacaq. Bazar isə bu tələbi qarşılaya biləcək həddə deyil. Artıq bazarda mövcud vəziyyətin təhlili tələb və təklif arasında daha böyük disbalans yarandığını göstərir. Alıcılar, belə demək mümkünsə, almağa ev tapmaqda çətinlik çəkirlər. Xüsusən də bina evləri. Hazırda bina evləri ilə müqayisədə Bakı ətrafında yerləşən həyət evləri ilə bağlı təklif artmaqdadır. Maklerlər bildirir ki, son vaxtlar onlara ev üçün müraciət edənlərin sayı artıb. O da vurğulanır ki, əvvəllər qış aylarında evlərin qiymətində kəskin bahalaşma qeydə alınmırdı. Eyni zamanda, kirayə evlərin qiyməti də bu mövsümdə sabit olurdu. Lakin hazırda söküntü ilə əlaqədar kirayə mənzillərində qiymət 20-30 faiz arasında artıb. Lakin kirayə qalmaq üçün ev tapmaq da getdikcə müşkülə çevrilir.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da etiraf edir ki, qiymət artımı ilə bağlı kifayət qədər qeyri-mütənasib vəziyyət yaranıb. Burada isə söküntü prosesi az rol oynamır. Onun sözlərinə görə, budəfəki söküntü kifayət qədər böyük bir ərazini əhatə edəcək: "Artıq fevral ayı üçün 4-5%-lik qiymət artımı müşahidə olunub. Digər tərəfdən əhaliyə kompensasiya ödənişləri başlandıqdan sonra bazarda mənzilə olan tələbat ciddi şəkildə artacaq və bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək”. 

Ekspert onu da vurğulayır ki, söküntünün və bazardakı tələbin çoxalması nəticəsində mənzil bazarında qiymətlərin artması həm də təbii prosesdir: 

"Ümumiyyətlə, son bir ildə əmlak bazarında baş verən hadisələr göstərir ki, qiymət artımı ilə bağlı kifayət qədər qeyri-mütənasib vəziyyət formalaşıb. Tələb həm təbii, həm də ki, süni şəkildə artır. Düzdür, təklifin ipoteka kreditləri hesabına azalması müşahidə edilir. Lakin hazırda bir növ bazarlarda mənzil qıtlığı mövcuddur və maklerlər ev tapmırlar satmağa. Belə vəziyyətdə təbii olaraq bazarda müəyyən qədər mürəkkəb bir vəziyyət yaranıb”.

Hazırda bazarda ikiotaqlı, üçotaqlı mənzillərin daha çox qıtlığı hiss olunur. Elə əsasən də onlara tələb artdığından bu seqmentdə mənzillərin qiyməti daha çox bahalaşır. Nəticədə bahalaşma bütün seqmentə təsirini göstərir.

Mövqe.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et