Bankların manatla kreditləri artıb | Banco.az

Bankların manatla kreditləri artıb

2019-cu il aprelin 1-nə olan statistikaya əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların balans kapitalı artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilir ki, ilk 3 ayda sektorun balans kapitalı 4 milyard 313,7 milyon manat olub. Aprelin 1-nə bankların cəmi aktivləri 29 milyard 84,9 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 533,2 milyon manat təşkil edib.

Mart ayına sektorun aktivlərinin 42,6 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 0,7 faiz (84,5 milyon manat) artaraq 12 milyard 714,4 milyon manat təşkil edib. Kredit portfeli bu ilin ilk rübündə 0,7 faiz (86,1 milyon manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Ay ərzində milli valyutada kreditlər 1,2 faiz (93,2 milyon manat), rüb ərzində isə 2,7 faiz (211,2 milyon manat) artaraq 7 milyon 983 min manata çatıb.

2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8 milyard 253,5 milyon manat təşkil edib. Mart ayında əmanətlər 1,7 faiz (135 milyon manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2,5 faiz (135,8 milyon manat) artaraq 5 milyard 465,8 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi şəxslərin depoziti bu ilin ilk rübündə 0,1 faiz (7 milyon manat) artaraq 10 milyard 318,5 milyon manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19,2 faiz (278,1 milyon manat) artıb.

Sektorun balans kapitalı mart ayı ərzində 1,7 faiz (70,9 milyon manat) artaraq 4 milyard 313,7 milyon manata çatıb. Bu göstərici 2019-cu ilin ilk rübündə 5,9 faiz (241,9 milyon manat) artıb.

Mart ayında bankların əməliyyat mənfəəti 179,1 milyon manat, xalis mənfəəti isə 123,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12,9 faiz, kreditlər üzrə faiz gəlirləri isə 19,5 faiz artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2 min 535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam edib: işçi sayı 0,4 faiz (66 nəfər) artaraq 17 min 749 nəfər olub.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et