Banklarımıza böyük dəstək: Rusiya bazarına inteqrasiya imkanı | Banco.az

Banklarımıza böyük dəstək: Rusiya bazarına inteqrasiya imkanı

Rusiya hökuməti Azərbaycan banklarını Rusiyanın hüdudları çərçivəsində fəaliyyətə dəvət edir.

Bu barədə 23-24 iyun tarixlərində Qəbələdə keçirilmiş V Azərbaycan Rusiya Regionlararası Forumunda "Azərbaycan və Rusiya arasında banklararası əməkdaşlığın inkişafı" mövzusunda təşkil olunan dəyirmi masada Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev məlumat verib.

"Biz Azərbaycan banklarının Rusiya bazarlarına çıxışı üçün istənilən dəstəyi göstərməyə hazırıq. Öz növbəmizdə biz də Azərbaycan ərazisində Rusiya banklarının fəaliyyətinin genişləndirilməsində maraqlıyıq", deyə o bildirib.

"Bu il lisenziyalara baxış sayı rekord həddə olacaq. Lakin yalnızca pis niyyətlə işləyən bankların lisenziyasına baxış keçirilməsi nəzərdə tutulub", deyən Savelyev Azərbaycan banklarının Rusiyada fəaliyyəti zamanı belə bir hadisə ilə qarşılaşmayacaqlarını bildirib.

"Təcrübə göstərir ki, Rusiya ərazisində xarici bankların fəaliyyəti nizam-intizamlı şəkildə davam etdirilir. Bu səbəbdən belə məqamlar Azərbaycan banklarının və onların filiallarının Rusiya bazarlarına inteqrasiyası fikrinə heç bir mənfi təsir göstərməməlidir. Əksinə, biz bu layihənin gerçəkləşməsini həm çox istəyir, həm də gözləyirik. Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri olaraq bildirirəm ki, öz adımdan Rusiya ərazisində Azərbaycan bank sektorunun fəaliyyətinə tam dəstək verməyə hazıram", deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, banklararası əməkdaşlıq dövlətlərarası münasibətlərin ən əsas inkişaf istiqamətlərindən biri hesab olunur.

Hal-hazırda Azərbaycanda Rusiya kapitalı hesabına fəaliyyət göstərən 2 bank (VTB bank və Nikoyl Bank), eləcə də "Rusiya Kənd Təsərrüfatı Bankı" ASC-nin AR nümayəndəliyi mövcuddur. Məlumat üçün qeyd edək ki, hal-hazırda Rusiya bazarında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı və Muğan Bank nümayəndəliyi fəaliyyət göstərir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et