Banklardakı ixtisarların əsas səbəbləri - açıqlama | Banco.az

Banklardakı ixtisarların əsas səbəbləri - açıqlama

Son dövrlərdə banklarda vəziyyət getdikcə kritikləşir. Portalımıza bəzi bankların artıq ixtisara başlaması və işçi sayını azaltması ilə bağlı məlumatlar daxil olmaqda davam edir. Mümkün ixtisarların səbəbləri  və məsələ ilə bağlı gözləntiləri öyrənmək üçün iqtisadçı ekspert Samir Əliyevə müraciət etdik. Ekspert bizə bunları bildirdi.

Əslində bankda ixtisarların olması gözləniləndir, amma bunu yalnız devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı. Baş verəcək ixtisarların səbəbini 3-cür qruplaşdırmaq olar:

Qeyd edim ki, proses başlayıb, düzdür hələ ki, kütləvi ixtisarlar yoxdur, amma problem şişmə həddindədir və yaxın zamanlarda kütləvi ixtisarları müşahidə edəcəyik.

1. Hər şey ilk növbədə dünyada baş verən proseslər ilə əlaqədardır. Əvvəl belə bir tendensiya var idi ki,  banklar şəbəkələşirdi, yəni bankların sayı azalsa da onların filial sayı genişlənirdi. Sonradan informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq mobil, internet, onlayn bankçılıq sürətlə irəliləməyə başladı. Daha az insan əməyi olan xidmətlər inkişaf etdikcə, xarici ölkələrdə banklar filial və əməkdaş sayını azaltmağa doğru getdi. Bu gün insanlar artıq evində, iş yerində oturaraq, bank əməliyyatını aparır. Bu tendensiyanın nəticəsi olaraq, düşünürəm ki, Azərbaycanda artıq onlayn və mobil bankçılıq Avropadakı kimi olmasa belə kifayət qədər inkişaf edib və getdikcə daha geniş vüsət alır. Azərbaycanda bir müddət 2000-ci illərin əvvəllərində bankların şəbəkələşməsi, filialların sayının artması prosesi getdi və araşdırmalar onun göstərdi ki, bu filialların demək olar ki, heç biri mənfəətlə işləmir, mərkəzi ofislərin dotasiyası hesabına fəaliyyət göstərirlər. Mərkəzi ofislərdən aslıdırlar. Özlərini doğrultmadığına baxmayaraq, banklar bir müddət bu ofisləri saxlamağa davam etdilər, fikirləşirdilər ki, gələcəkdə regionlarda biznes inkişaf edər, vəziyyət dəyişər, bu filiallar da özünü doğruldar. Amma baş verən proseslər göstərdi ki, artıq filialları saxlamaq çətindir. Ona görə də belə hesab edirəm ki, banklar filialların azaldılması istiqamətində fəaliyyət göstərəcək, ən azından filialların birləşdirilməsi baş verəcək. Artıq bir neçə bankda bu müşahidə edilib. Gələcəkdə ola bilsin ki, filiallar daha çox regional xarakter daşısın, nəinki rayonlar üzrə.

2. Neftin ucuzlaşmasının törətdiyi fəsadlar. Azərbaycan iqtisadiyyatı sirr deyil ki, neftdən asılı olan bir ölkədir. Bütün makroiqtisadi göstəricilər neftin qiymətinə əsasən dəyişir. Bank sektorunda da bu günə qədər dövr edən vəsaitlər neft hesabına yaradılan pullar idi. Neftin qiymətinin düşməsi ölkəyə gələn neft gəlirlərinin azalmasına gətirib çıxartdı. Bu da müxtəlif sektorları, tikinti və biznes sektorunu, ticarəti, daşınmaz əmlak sektorunu, bir sözlə, banklar vasitəsilə ilə pulları dövr edən digər sektorları da məhdudlaşdırdı. 

İstehlak kreditləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı Mərkəzi Bankın atdığı addımlar da bankların dövriyyəsinin azalmasına təsir göstərdi. Çünki bankların əsas gəlirləri istehlak kreditləşməsindən gəlirdi. Düzdür korporativ müştərilərə xidmət göstərən banklar da var ki, onlar iri həcmli kreditlər sayəsində gəlir əldə edirlər, amma ümumən götürəndə kreditlərin 40%-i istehlak kreditləridirsə, bu o deməkdir ki faktiki olaraq banklar əhalidən asılı vəziyyətə idi.

Neftin aşağı düşməsi səbəbindən iqtisadiyyata yönəldilən vəsaitlər məhdudlaşdırılması  əhalininn gəlirlərin və kreditləşməni azaltdı və bankların gəlirlərinin azalması ilə nəticələndi.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusən də Mərkəzi Bank istehlak kreditlərini məhdulaşdırmaq ilə bağlı ötən ildən bəri bir sıra tədbirlər həyata keçirmişdi: avtomobil kreditlərinin məhdudlaşması, təminatsız kreditlərin məhdulaşdırılması, iş yerindən arayış olmadan kredit verilməməsi. Təbii ki, bu da banklara, xüsusən də kiçik banklara zərbə vurmuş və onların fəaliyyətlərinin pisləşməsi ilə nəticələnmişdi.

Neft ucuzlaşanda demişdik ki, ilk zərbə bank sektoruna dəyəcək. Təəssüf ki, gözləntilər özünü doğrultdu.

3. Devalvasiya: Manatın təxminən 35 % ucuzlaşması banklara güclü zərbə vurdu. Söhbət ən azı bir gündə itirilən bir neçə yüz milyon vəsaitdən gedir. Banklar devalvasiya günü xeyli itkiyə məruz qaldırlar.

Bu itkilərə səbəb bankların valyuta mövqelərini qoruya bilməmələri ilə bağlı idi. Bildiyimiz kimi Mərkəzi Bankın limiti vardı, bununla bağlı. Banklar məcmu kapitalın 10%-i həcmində valyuta mövqeyi aça bilərdilər. Tutaq ki, bankın 100 milyon manat kapitalı varsa, 10 milyon manat valyuta mövqeyi açır, yəni 10 milyon manat civarında əməliyyatlar aparır. Amma məlum oldu ki, banklar nəinki 10 %, az qala kapitalın tam həcmi qədər valyuta mövqeyi açıblar. Birdən birə devalvasiya bankların zərərini 35% artırdı.

Həmin dövr üçün onların 5 milyard manat həcmində xarici öhdəlikləri var idi. Həmçinin əhalinin dollarla olan vəsaitlərini nəzərə almaq lazımdır. Beləliklə bu devalvasiyanın banklara vurduğu birinci zərbə idi.  

Ardınca ikinci zərbə isə dollarla götürülən kreditlərin qaytarılmaması prosesi idi ki, bu proses də uzandı. Banklar kreditin müddətini uzatmalı və faizlərdə güzəşt etməli oldu, bir çox bank buna getdi. Banklar əhaliyə güzəştə getsə də, xarici öhdəliklərini əvvəlki qaydada yerinə yetirmək məcburiyyətindədir. Xarici öhdəliklərin bankların kredit portfelində payı təxminən 27%-ə yaxındır. Cəmi öhdəliklərdə isə 50%-ə yaxındır. Bu göstərici devalvasiyanın banklara vurduğu zərərin miqyasını göstərir. Devalvasiya nəticəsində bankların kapitalında azalma müşhaidə edildi.

Banklar işçilərinin sayını azaltmaq istiqamətində fəaliyyət göstərəcəklər. İşçilərin sayı ona görə artmışdı ki, banklar gücü istehlak kreditləşməsinə yönəltmişdir.  İstehlak kreditlərinin biznes kreditlərindən əsas fərqi odur ki, bu zaman daha çox əməkdaşa ehtiyac olur.

Məsələn, biri var ki, 1 milyon AZN həcmində krediti bir nəfərə verib, bir müştəriyə xidmət göstərəsən, biri də var ki, 1 milyon manatı 1000 nəfər arasında bölüşdürəsən və 1000 müştəriyə xidmət göstərəsən. İkinci halda sənin daha çox əməkdaşa ehtiyacın olur. Bu halda işçilərin sayı da və bankların xərci daha çox olur. İndi bu vəziyyətdə istehlak kreditləşməsinin məhdudlaşması  bankları vadar edəcək ki, işçilərin sayını azaltsınlar.

Fikrimcə bundan sonra işçilərin sayı filialların sayının azaldılması və ya birləşdirilməsi hesabına baş verəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et