Banklar AMB-nin faiz limitinə niyə məhəl qoymur? | Banco.az

Banklar AMB-nin faiz limitinə niyə məhəl qoymur?

Banco.az iqtisadçı-ekspert Vüqar Bayramovun "Publika.az" a verdiyi müsahibəni təqdim edir.

 - Hər kəsin müzakirə etdiyi daha bir məsələ də var. Bank kreditlərinin faizləri. Mərkəzi Bankın limitinə, uçot stavkasını aşağı endirməsinə rəğmən, faizlər yüksəkdir. Niyə?

- Kredit faizlərində azalmalar var. Komisyon haqları 1 faizlə məhdudlaşdırılıb, istehlak kreditləri üçün 29 faiz tavan tövsiyə edilib. Hansı ki əvvəllər 34 faiz təşkil edirdi. Yəni azalmalar var, amma hiss edilən deyil. 34 faiz də yüksək faizdir, 29 faiz də. Baxmayaraq, söhbət 5 faiz azalmadan gedir. Qısa müddətdə kredit faizlərinin azaldılması mümkün deyil. Əgər bank manatla əmanətlərə 15 faiz ödəyirsə, aydındır ki, kredit faizi yüksək olacaq. Çünki onun aldığı pul bahalıdır. Ona görə depozit faizlərinin aşağı salınması, aşağı faizlə depozit cəlbi olduqca vacibdir. Amerikada, Avropada kredit faizlərinin aşağı olduğunu deyirik. Bu dövlətlərdə depozitlərə 1 faiz belə ödəmirlər. Vətəndaş banka pulunu o məqsədlə yerləşdirir ki, evdə qalıb oğurlanmasın. İkinci məqam iqtisadiyyatdakı mənfəət normasıdır. Əgər sahibkar 100 manat depozit yerləşdirib il ərzində 50 faiz gəlir əldə edirsə, 29 faizlə kredit götürəcək. Ona görə də mənfəət normasının aşağı salınmasına ehtiyac var. Bunun da əsas yolu iqtisadiyyatın liberallaşmasıdır. Bəzi sektorlarda mənfəət normasının yuxarı olmasının səbəbi orada rəqabətin az olmasıdır. Fikir verin, hansı sektorda rəqabət varsa, orada mənfəət norması aşağıdır. Bu da kredit faizlərinə təsir göstərir. Eləcə də Azərbaycan banklarının xarici reytinqi A yox, B-dir. Bu da xarici maliyyə resurslarına birbaşa çıxışa imkan vermir. Xaricdən ucuz vəsait cəlb etmək üçün bank vasitəçi tapır. Həmin vasitəçinin faizi, xarici bankın faizi ilə üst-üstə toplanır və nəticədə kredit faizləri yüksək olur. Amma bu o demək deyil ki, kredit faizləri 29 faiz olmalıdır. İndiki mərhələdə kredit faizlərinin 22 faizə qədər endirilməsi mümkündür.

- Yaxşı banklar niyə manatla kredit vermirlər?

- Monitorinqlərimiz göstərir ki, bankların böyük qismi kreditin 50 faizini manat, 50 faizini dollarla təqdim edirlər. Banklar ona görə manatla kredit vermirlər ki, manat qıtlığı var. Son bir ildə Azərbaycanda manat bazası 5 milyard manatdan çox azalıb. Bunun da səbəbi intervensiya nəticəsində dövriyyədən çıxan aktiv manatın passiv manata çevrilməsidir. Göründüyü kimi, bankların dollarla kredit verməsinin səbəbi heç də onların risklərdən sığortalanması deyil. Banklar sadəcə manat tapa bilmirlər. Dollarla kredit verməyə məcburdurlar.

- Sizcə, bu, normaldır?

- Xeyr. Son devalvasiya göstərdi ki, dollarla kredit vermək həmin kreditin sığortalanması demək deyil. Kredit alan şəxs krediti qaytara bilmirsə və ya faizləri ödəməkdə çətinlik çəkirsə, xarici valyuta ilə kredit vermək onun sığortalanması demək deyil. Təbii kəskin manat emissiyası doğru deyil. Uzun müddət manat təklifi var idi. Mərkəzi Bank manat təklifini artırarsa, bu, milli valyutanın dəyərsizləşməsinə gətirib çıxara bilər. Mərkəzi Bank manat təklifini mərhələli olaraq artırmalıdır.

- Son rəqəmlər göstərir ki, bank kreditləşməsi azalıb. Bununla paralel problemli kreditlərin həcmi də düşüb. Bu, bankların problemlərini azaltmayıb...

- Kreditlərin verilməsi qaydaları sərtləşdirilib. Bu, doğru addımdır. 2012-2013-cü illərdə riteyl bankçılıqla məşğul olan banklar var idi. Onlar hətta çayxanada şəxsiyyət vəsiqəsi ilə 500 manatlıq kredit kartları rəsmiləşdirirdilər. Bu, bankçılıq deyil. Düzdür, Mərkəzi Bankın şərtləri sərtləşdirməsi kredit portfelinə təsir göstərib. Vətəndaşların əksəriyyəti bahalı lombard kreditlərinə üz tutmağa başlayıblar. Lakin bankların ən böyük problemi odur ki, onların gəlir mənbələri şaxələnməyib. Onlar daha çox bir mənbədən - faizlərdən gəlir əldə edirlər. 2008-ci ildəki qlobal maliyyə böhranı  göstərdi ki, faiz asılılığı sonda böhrana gətirib çıxarır. Banklar faiz asılılığını aradan qaldırıb, gəlir mənbələrini şaxələndirməlidirlər ki, kredit portfelində azalma olanda ümumi fəaliyyətinə mənfi təsir göstərməsin.

Ən sərfəli kredit üçün müraciət et

- Azərbaycanda uzun illərdir pioritet sahələrdən biri də daşınmaz əmlak sektorudur. Burda nə baş verir?

- 2014-cü ilin ortalarında daşınmaz əmlakın qiymətində azalmalar olacağını bildirmişdik. Bunun müxtəlif səbəbləri var. Birincisi, neftin dünya bazar qiyməti aşağı düşəndə bütün dünyada daşınmaz əmlak ucuzlaşır. Yəni ucuzlaşma təkcə bizdə deyil. Neft istehsal etməyən Gürcüstanda belə daşınmaz əmlakın qiymətində ucuzlaşma baş verib. Digər səbəb Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycanın mənzil bazarına tələbinin azalmasıdır. 2014-cü ilin ilk yarısında Azərbaycanda satılan hər dörd mənzildən birini Rusiyada yaşayan həmyerlimiz alıb. Rusiyaya qarşı sanksiyalar, bu ölkənin özündə mənzillərin qiymətinin aşağı düşməsi Azərbaycanın daşınmaz əmlak bazarına tələbi azaltdı. Üçüncü səbəb qlobal böhran qorxusudur. Bu halda insanlar yığıma üstünlük verir, nəinki əmlaka pul yatırmağa. Yığım, insanların çox pul xərcləməməyə meyilli olması bazarda qiymətləri ciddi şəkildə diktə edir. Gözlənilir ki, növbəti aylarda da istər daşınmaz əmlakın, istərsə də avtomobillərin qiymətlərində ucuzlaşma davam edəcək. Hələlik qiymət artımını şərtləndirən xüsusi amillər yoxdur.

- Qonşu ölkələrdə qiymətlərin bahalaşması müşahidə edilir. Bu gün əhalidə ərzaq inflyasiyasının idxalına dair narahatlıq var. Bahalaşma gözlənilirmi?

- İdxalla məşğul olan şirkətlər iddia edirlər ki, manat 35 faiz dəyər itirib və onların məhsullarının qiymətləri bu həcmdə artmalıdır. Bu doğru yanaşma deyil. Çünki xərcin strukturuna nəzər yetirsək, 35 faiz devalvasiya məhsulun xərcini 15-20 faiz artırır. Belə ki, əməkhaqqı, kommunal, təsərrüfat xərcləri - bunlar manatla ödənilir. Bütün bu xərclər məhsulun xərcinə daxildir və qiymətləri dəyişməyib. Dəyişən alınan yerdəki qiymətidir. O baxımdan manat 35 faiz dəyər itirib deyib qiymətləri bu həcmdə də qaldırmaq süni qiymət artımıdır. Bundan əlavə, dünya bazarında qiymət artımları yoxdur. Və devalvasiya fevral ayında baş verib. Artıq sentyabr ayıdır. Nəzərə alsaq ki, manatın məzənnəsi möhkəmdir, qiymət artımlarına gedilməsi iqtisadi baxımdan izah edilə bilməz. Hər bir qiymət artımına fərdi olaraq yanaşmaq lazımdır.

Neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var... 

Azərbaycan fevral devalvasiyasından yayına bilərdimi? 

Mərkəzi Bank devalvasiyaya getməməyə çalışır 

Ən sərfəli krediti almaq üçün müraciət et