Bank xidmətlərinin məhdudlaşdırılması məsələsinə ekspert baxışı | Banco.az

Bank xidmətlərinin məhdudlaşdırılması məsələsinə ekspert baxışı

Hal-hazırda Azərbaycan bankları müştərilərə çox da geniş olmayan xidmət çeşidi təklif edirlər. Onların göstərdikləri xidmətlər sırasına, adətən, kreditlərin verilməsi, depozitlərin qəbulu və valyuta mübadiləsi xidmətləri daxildir. Ölkəmizdə fəaliyyət göstərən bankların son vaxtlar öz müştərilərə mobil və internet-bankinq sahələrində bəzi xidmətlər təqdim etməsi diqqət çəkir. Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağı verdiyi açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, cari vaxt üzrə banklar öz gəlirlərinin əsas hissəsini kreditlərin verilməsi və valyuta mübadiləsi xidmətlərinin göstərilməsi hesabına əldə edirlər. "Bank xidmətlərinin məhdudlaşdırılmasının obyektiv və haqlı səbəbləri var. Məsələ ondadır ki, Azərbaycanda bank sektoru üzrə geniş xidmət çeşidinə hal-hazırda tələbat yoxdur", deyə ekspert vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Samir Əliyev bildirib ki, internet-bankinq və mobil-bankinq sahələrinin inkişaf etdirilməsi Azərbaycan bankları üçün yeni imkanlar yaradır. "Məsələn, artıq ölkəmizdə bank müştəriləri mobil telefon vasitəsilə şəxsi hesablarına daxil ola və burada yerləşdirilmiş məlumatlarla tanış ola bilirlər. Lakin hələ də Azərbaycanda kompyuter və ya mobil telefon vasitəsilə bank hesabını idarə etmək xidməti istifadəyə verilməyib. Bu səbəbdən də müştəri banka müraciət etmək məcburiyyətindədir. Ona görə də bu xidmətin sadələşdirilməsi və müştərilərə mobil telefon vasitəsilə öz bank hesablarını idarə etmək imkanının verilməsi olduqca vacib məsələdir. Ümumiyyətlə, indiki artım templəri gələcəkdə bank xidmətləri bazarında yeni və daha geniş imkanların yaradılacağından xəbər verir", deyə S.Əliyev əminliklə bildirib.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç