Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir | Banco.az

Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir

Anspress-in məlumatına görə, bu barədə İqtisadçı ekspert Vüqar Bayramov öz facebook səhifəsində yazıb. Mütəxəssisin fikrincə, keçmiş Sovetki adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir:

Evlərin köçürülməsi fondunda yalnız nağd konpensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq.

Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-cü ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artması deyil, bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir".

Ekspertin fikrincə, paytaxtdan kənar ərazilərdə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir:

"Kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasən 2-otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.

Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı, eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı, daha ciddi artımlara gətirib çıxaracaq".

Vüqar Bayramov qeyd edib ki, artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilir:

"Mənzil bazarındakı “dilerlərin” evlərə görə kompensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir.

Əslində, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsəduyğundur. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az/

Ən sərfəli krediti almaq üçün müraciət et