Bakıda gələn ay önəmli iqtisadi toplantı olacaq | Banco.az

Bakıda gələn ay önəmli iqtisadi toplantı olacaq

2-5 may 2015-ci il tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan Respublikası indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. 

Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanmış, ardınca isə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədriliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılmış, bütün texnki tapşırıqlar və tövsiyələr yerinə yetirilmiş, artıq hazırlıqlar tamamlanmaq üzrədir. 
Müasir Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzi Bina-1 və yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi Bina-2-də keçiriləcək İllik Toplantıda 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir. 

Təşkilat komitəsi tərəfindən yaradılmış www.adb2015.az saytı fəaliyyət göstərir və İllik Toplantı ilə bağlı bütün məlumatlar mütəmadi olaraq bu saytda yerləşdirilir. Eyni zamanda, İllik Toplantının keçiriləcəyi günlərdə təşkil olunacaq sessiyalar, seminarlar, ayrı-ayrı tədbirlər barədə də burada əraflı məlumatlar veriləcək. 

Dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantı yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənilir və aprel ayının 1-dən 20-dək 70 dən çox yerli, 200-dək isə xarici KİV nümayəndələri tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.

AİB Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcək.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində AİB Azərbaycan Hökumətinə 1.8 milyard ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 milyon ABŞ dolları həcmində kredit və 18 milyon ABŞ dollarına yaxın qrantlar ayırıb.

AİB-in Azərbaycanla bağlı 2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına dəstək verilir. Yeni strategiya, həmçinin, regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.

2015-ci ilin aprel ayında AİB-in 2015-2017-ci illər üçün Azərbycan üzrə Biznes Planı qəbul edilmişdir. Bu müddət ərzində AİB enerji, nəqliyyat, maliyyə, təhsil, su təchizatı və çirkab suların təmizlənməsi və dövlət idarəçiliyi sektorlarının inkşafı üçün Azərbaycana 3.6 milyon ABŞ dolları həcmində qrant və 715 milyon ABŞ dolları həcmində kredit ayırmağı nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et