Azərbaycanın dövlət büdcəsi və onun strukturu | Banco.az

Azərbaycanın dövlət büdcəsi və onun strukturu

Dövlətin siyasi, iqtisadi, sosial və digər vəzifələrini həyata keçirmək üçün dövlət büdcəsinin xüsusi əhəmiyyəti vardır. Dövlət büdcəsi müxtəlif növ vergilərdən, dövlət rüsumlarından, dövlət mülkiyyətinin icarəyə verilməsindən, özəlləşdirmə və sair daxilolmalardan formalaşır. 

Dövlət xərcləri son 20 il ərzində 39 dəfə, gəlirlər isə 41 dəfə artmışdır. 1995-ci ildən dövlət gəlir və xərclərində 2008-ci ilə qədər artım olmuşdur. Lakin Maliyyə böhranından sonra 2008-ci ildən etibarən xərc və gəlirlərdə azalma müşahidə olunub. Keçən ilə nisbətən isə 2019-cu ildə gəlirlər 659 milyon manat, xərclər isə 2466 milyon manat artıb.

Büdcə gəlirlərinin 70%-ni sair daxilolmalar təskil edir ki, bunlara dövlət mülkiyyətinin icarəyə verilməsindən və özəlləşdirilməsindən gələn gəlirlər, dövlət və gömrük rüsumları, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividendlər və s. aiddir. Gəlirlərin yerdə qalan hissəsi isə vergilərdən yığılır. Vergilərin 40%-dən çoxu dolayı yolla istehlakçıdan tutulan əlavə dəyər vergisindən yığılır. Gəlirin 2.7 milyard manatı isə mənfəət vergisindən əldə olunur. Qalan hissəsi isə digər vergilərdən - torpaq vergisi, mədən vergisi, yol vergisi, əmlak vergisi və aksizlərdən daxil olur.

Ən sərfəli kredit üçün müraciət et

Büdcə xərclərinin demək olar ki, yarısı iqtisadiyyatın inkişafına yönəldilir. Dövlət oqranlarının saxlanması üçün xərclər isə ümumi xərclərin 12%-ni tutur. Bundan başqa xərclər dövlətin müdafiəsinə, sosial təminata, təhsil və səhiyyəyə sərf olunur.

Dünya üzrə ölkələrin büdcə gəlirlərinə baxdıqda isə ilk yeri 3336 milyard dollarla ABŞ tutur. Ondan sonra Çin - 2672 milyard dollar, Yaponiya -1678 milyard dollar və Almaniya - 1598 milyard dollar büdcə gəlirlərinə sahibdirlər.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et