Azərbaycandakı sığorta aktivləri artıb | Banco.az

Azərbaycandakı sığorta aktivləri artıb

 Azərbaycanın sığorta sektorunun məcmu aktivləri 2016-cı il ərzində 1,9% artaraq bu il yanvarın 1-nə 1 031 mln. manat təşkil edib. Bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda göstərilir ki, aktivlərin 44,4%-i yaxud 457 mln. manatlıq hissəsi bank depozitlərində cəmlənib: “2016-cı ildə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqları əvvəlki illə müqayisədə 10% yaxud 44 mln. manat artaraq 486 mln. manat olub. Sığorta haqlarının 66%-i və ya 319 mln. manatı könüllü, 34%-i yaxud 167 mln. manatı isə icbari sığorta növlərinin payına düşür. Əvvəlki illə müqayisədə sığorta yığımları icbari sığorta növləri üzrə 3% (5 mln. manat), könüllü sığorta növləri üzrə isə 12% (39 mln. manat) artıb”.

Ötən il həyat sığortası üzrə yığımlarda artım olduğu qeyd edilir: “Hesabat dövrünün sonuna həyat sığortası üzrə sığorta haqları əvvəlki illə müqayisədə 26% artaraq 146 mln. manat olub ki, bu da ümumi sığorta haqlarının 30%-i deməkdir. Qeyri-həyat sığortası üzrə haqlar isə 4% yaxud 13 mln. manat artaraq 340 mln. manata çatıb”.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda sığorta ödənişlərinin həcminin artdığı da göstərilib. Belə ki, ötən il bu sahədə əsas artım həyat sığortası üzrə ödənişlərdə qeydə alınıb: “Dövr ərzində cəmi ödənişlər 31% yaxud 57 mln. manat, o cümlədən həyat sığortası üzrə ödənişlər 82,7% və ya 43 mln. manat artıb. Sığorta ödənişlərinin 76%-i yaxud 179 mln. manat könüllü, 24%-i və ya 58 mln. manatı isə icbari sığorta növlərinin payına düşür”.

Mənbə: Report

Ən sərfəli krediti almaq üçün müraciət et