Azərbaycanda ipoteka krediti kimlər üçün əlçatan deyil? | Banco.az

Azərbaycanda ipoteka krediti kimlər üçün əlçatan deyil?

Azərbaycanda orta aylıq əmək haqqısı 500 manatdan çox olmayan şəxslər üçün ipoteka krediti əlçatan deyil.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondundan (AİF) verilən məlumata görə, 1 iyul tarixinə əsasən, ipoteka kreditləşməsinin 7%-i aylıq gəliri 500 manatdan aşağı olan şəxslərin, 0.9%-i aylıq gəliri 300 manatdan aşağı olan şəxslərin, 6.1%-i isə aylıq gəliri 300-500 manat arasında dəyişən şəxslərin payına düşür.

"İpoteka kreditləşməsinin əsas hissəsini aylıq gəliri 1100 manatı üstələyən və zəngin təbəqənin nümayəndələri hesab olunan şəxslər təşkil edir. Sözügedən təbəqənin nümayəndələrinə verilmiş ipoteka kreditlərinin həcmi 35,9%-ə bərabərdir", məlumatda qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Orta təbəqənin nümayəndələri bu siyahıda bir qədər geriləyir. Belə ki, ipoteka kreditləşməsinin yalnızca 21,7%-i orta gəlirli, yəni gəlir səviyyəsi 700-900 manat civarında olan şəxslərin payına düşür. Aylıq gəliri 500-700 və 900-1100 manat məbləğində olan şəxslərin ipoteka kreditləşməsində payı isə uyğun olaraq, 18.8% və 16.6% təşkil edir.

Onu da nəzərinizə çatdıraq ki, 1 iyul tarixinə olan məlumatlara əsasən, ölkədə 487,461 manat məbləğində 15031 ipoteka krediti rəsmiləşdirilib.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et