Azərbaycanda çirkli pulların yuyulması: vəziyyət qiymətləndiriləcək | Banco.az

Azərbaycanda çirkli pulların yuyulması: vəziyyət qiymətləndiriləcək

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyası ilə görüş keçirilib.

QKDK-dan Trend-ə verilən məlumata görə, missiyanın məqsədi MONEYVAL-ın daxili prosedur qaydalarına uyğun olaraq Azərbaycanda maliyyə sisteminin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PY/TMM) risklərinə qarşı həssaslığını beynəlxalq standartlar əsasında qiymətləndirməkdən ibarətdir.

Görüşdə QKDK sədri Rüfət Aslanlı Azərbaycan hökumətinin MONEYVAL ilə əlaqələrə xüsusi önəm verdiyini və mövcud məhsuldar əməkdaşlıq çərçivəsində ölkədə PY/TMM sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində islahat gündəliyinin hazırlanaraq uğurla icra edildiyini qeyd edib.

R.Aslanlı 2008-ci ildə həyata keçirilmiş son qiymətləndirmədən sonra müvafiq sahə üzrə effektiv hüquqi normativ bazanın yaradılması, institusional potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Missiya rəhbəri Con Beyker səfərlə bağlı hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə görə QKDK sədrinə minnətdarlığını bildirib. C.Bayker Azərbaycan ilə MONEYVAL arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək son illərdə ölkədə PY/TMM sahəsində həyata keçirilmiş əhəmiyyətli hüquqi və institusional quruculuq işlərini yaxından izlədiyini vurğulayıb.

O, hazırkı qiymətləndirmə çərçivəsində əsas diqqətin mövcud PY/TMM sisteminin effektiv tətbiqi mexanizmlərinə yetiriləcəyini bildirib.

Sonda gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tərəflər arasında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən MONEYVAL-da təmsil olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et