Azərbaycan və Türkiyə bankçılığı təcrübə mübadiləsini genişləndirir | Banco.az

Azərbaycan və Türkiyə bankçılığı təcrübə mübadiləsini genişləndirir

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, qurumun və Türkiyə Banklar Birliyinin (TBB) birgə təşkilatçılığı ilə "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" Ekspert Qrupu Türkiyədə səfərdə olub. "Türkiyə Təcrübə Mübadiləsi Proqramı" adı altında keçirilən tədbirlər çərçivəsində ABA-nın Ekspert Qrupunun banklar, aidiyyəti dövlət qurumları və ödəniş sistemi şirkətləri ilə görüşləri təşkil olunub.

Görüşlərdə TBB-nin ekspertləri bank sisteminin cari vəziyyəti, islahatlar, rəqəmsal ödənişlər və xarakterik xüsusiyyətləri, tətbiq edilən innovativ ödəniş həlləri istiqamətində təqdimatlar keçiriblər. "Granti Bank", "İş Bankası" və Banklararası Kart Mərkəzinin ekspertləri tərəfindən rəqəmsal ödənişlər, blokçeyn texnologiyası, innovativ texnologiyalar, o cümlədən mobil həllər, habelə ödəniş kartları ilə aparılan əməliyyatlarda "interçeync" xidmət haqlarının tətbiqi mövzusunda mövcud təcrübə açıqlanaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

"Türkiyə Yapı Kredi Bank A.Ş"də keçirilən görüşdə bankın Kart marketinq idarəetməsi departamenti tərəfindən rəqəmsal ödənişlərdə fəaliyyət strategiyası və son nailiyyətlərə dair ətraflı məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin təmsil olunduğu Ekspert Qrupunun Türkiyə Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun nümayəndələri ilə görüşündə ödəniş ekosisteminin yeni iştirakçıları olan ödəniş və elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi, açıq bankçılıq texnologiyasının tətbiqi, banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlıq, ödəniş kartları ilə aparılan əməliyyatlarda banklar arasında xidmət haqlarının formalaşdırılması prinsipləri müzakirə edilib.

Səfərin son günündə "Ziraat Bank A.Ş"nin nümayəndələri ilə görüşdə bankın ödəniş sistemlərindəki təcrübəsi öyrənilib. Türkiyə Mərkəzi Bankının təmsilçiləri ilə görüşdə isə ödəniş ekosistemi infrastrukturu və onun komponentləri, aparılan islahatlar, Mərkəzi Bankın bu sahədə rolu və vəzifələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et