Azərbaycan qeyri-neft ixracı ilə bağlı 5 illik strategiya hazırlayıb | Banco.az

Azərbaycan qeyri-neft ixracı ilə bağlı 5 illik strategiya hazırlayıb

Məhsullarımızın təşviqi məqsədi ilə xaricdə ticarət evləri, Azərbaycan brendləri yaradılacaq.

Azərbaycan 2020-ci ilə qədər biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Azərbaycan prezidentinə təqdim etmək üçün hazırladığı və ictimai müzakirəyə çıxardığı “Xarici investisiyalar və qeyri-neft ixracının təşviqi strategiyası (2015-2020)” layihəsində əksini tapıb.

Strategiya layihəsində xarici investisiyaların cəlb edilməsi coğrafi yerləşmə və brendləşmə, səriştəli kadrların və xarici bazarların mövcudluğu kimi üstünlükləri nəzərə alaraq idxalı əvəz edəcək və eyni zamanda ixracyönümlü potensiala malik olan ənənəvi iqtisadi fəaliyyət növlərinə və yüksək texnologiyalara əsaslanan istehsal sahələrinə birbaşa xarici investisiyaların cəlb olunması prioritet hesab edilir. Ənənəvi iqtisadi fəaliyyət növlərinə kənd təsərrüfatı, qida məhsullarının istehsalı, turizm sənayesi, maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqların istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, kimya sənayesi, tikinti materiallarının istehsalı, metallurgiya sənayesi, toxuculuq sənayesi və geyim istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, nəqliyyat və logistika, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinə əczaçılıq sənayesi, biotexnologiyalar, nanotexnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, kosmik sənaye, alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı, sənaye parkları, ərazi klasterləri və sənaye məhəllələri (idxal əvəzləyici və ya ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye müəssisələrini əhatə edəcək sənaye parkları, ərazi klasterləri və sənaye məhəllələrinə xarici investisiyaların cəlb edilməsi, aqro-enerji komplekslərinin, günəş, külək və bioenerji parklarına xarici investisiyaların cəlb edilməsi) daxildir.

Strategiya layihəsində ixracın təşviq edilməsi üçün 2015-2020-ci illər ərzində müəssisələrdə istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkilinin dəstəklənməsi, müvafiq beynəlxalq standartlara uyğun ekoloji təmiz (EKO) kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının stimullaşdırılması, eləcə də elm-təhsil-biznes əməkdaşlığının təşviqi, ölkədən xarici bazarlara yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların ixracını təmin etmək məqsədi ilə keyfiyyət infrastrukturun təkmilləşdirilməsi, Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasının asanlaşdırılması, nəqliyyat xərclərinin azaldılması və təchizatın müntəzəmliyini, habelə yerli məhsulların xarici bazarlarda rəqabətqabiliyyətliliyini təmin etmək məqsədi ilə Azərbaycanda və prioritet xarici bazarlarda loqistik mərkəzlərin yaradılmasının dəstəklənməsi, ixracatçı birlik və assosiasiyalarının yaradılmasının təşviqi nəzərdə tutulub. Milli brendlər və marketinq üzrə konsepsiyanın hazırlanması, coğrafi (məsələn, “Azərbaycan məhsulu”), sahəvi (məsələn, “Azərbaycan meyvəsi”) və mədəni (məsələn, “Azərbaycan mətbəxi”) brendləşmənin yaradılması və dəstəklənməsi, xarici bazarlarda Azərbaycan məhsullarının brendləşdirməsi üçün yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi məqsədi ilə brendləşmə sahəsində elmi tədqiqat işlərinin aparılması, yerli brendlərin xarici ölkələrdə təşviqini təmin etmək məqsədi ilə ən qabaqcıl beynəlxalq təcrübə əsasında xarici bazarlarda brendləşdirməyə dəstək mexanizminin yaradılması, xarici bazarlarda yerli brendlərin hüquqlarının qorunması mexanizminin yaradılması da diqqət mərkəzində olacaq.

Eyni zamanda, hədəf bazarlara mal ixracının miqdar və struktur üzrə genişləndirilməsi və yeni bazarlara çıxışın təmin edilməsi, Azərbaycanda istehsal olunmuş rəqabət qabiliyyətli məhsulların təşviqi məqsədi ilə xarici bazarlarda ticarət evlərinin yaradılması, qeyri-neft ixracının təşviqində Azərbaycanın quru, dəniz və hava məkanı vasitəsilə xarici bazarlarda təqdim etdiyi iş və xidmətlərin təşviqi üzrə tədbirlərin həyata keçirilməsi, ölkə daxilində və xarici bazarlarda ixracyönümlü tədbirlərin, o cümlədən ixrac missiyalarının təşkili, ixracatçıların ixracyönümlü tədbirlərdə, o cümlədən sərgilərdə iştirakının dəstəklənməsi məqsədi ilə ən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan maliyyə və təşkilati dəstək mexanizminin yaradılması, xarici bazarlar, bu bazarlara daxil olmaq üçün zəruri olan sənədlər (sertifikatlar və s.) və ixracla bağlı olan digər məsələlər üzrə araşdırmaların aparılması və sahibkarların maarifləndirilməsi fəaliyyətlərinin dəstəklənməsi, Azərbaycanda istehsal olunmuş məhsulların ixrac coğrafiyasının genişləndirilməsi üçün yerli istehsalçılarla xarici idxalçılar arasında kommersiya əlaqələrinin qurulması və yerində istehsalla tanış olunması məqsədilə potensial idxalçı missiyalarının təşkil edilməsi, beynəlxalq KİV-lər vasitəsilə təşviqatın aparılması və ixrac üzrə məlumat portalının yaradılması planlaşdırılır. Bu müddət ərzində qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan ixracın maliyyələşdirilməsi və sığortası mexanizminin yaradılması, ixracla bağlı vaxt və maliyyə xərclərinin azaldılması məqsədi ilə ixrac prosedurlarının sadələşdirilməsi. regionlarda sahibkarlıq subyektlərinə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə ixracla bağlı məsləhət xidmətlərinin və təlim proqramlarının təşkili məqsədi ilə ixraca dəstək mərkəzlərinin yaradılması, ixrac əməliyyatları aparan sahibkarlıq subyektləri üçün həvəsləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq,  ölkәnin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cәlb edilmәsinin intensivlәşdirilmәsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq, qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal infrastrukturunun genişləndirilməsi üçün birbaşa xarici investisiyalar cəlb ediləcək, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq, ixracyönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət vә özəl sektorun investisiya sahəsində əməkdaşlığı inkişaf etdiriləcək, idxal-əvəzləyici məhsulların istehsalına, yüksək rəqabətqabiliyyətli və ixrac potensialına malik sahələrə xarici investisiyalar vasitəsilə yeni texnologiyalar, “nou-hau” və biliklər cəlb ediləcək, qeyri-neft sahəlәrinin inkişaf etdirilmәsi vә ixrac imkanlarının artırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi ilә yanaşı beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyi artırılacaq, işçi qüvvəsinin keyfiyyəti yaxşılaşdırılacaq, yüksək ixtisaslı və rəqabətə davamlı kadr potensialı formalaşdırılacaq, xarici bazarlara qeyri-neft ixracının stimullaşdırılması vasitəsilə ixrac coğrafiyası genişləndiriləcək və mal diversifikasiyası təmin ediləcək.

Strategiyanın 2015-2017 və 2018-2020 illər olmaqla iki mərhələ ilə həyata keçirilməsi nəzərdə tutulur. Strategiyanın həyata keçirilməsi üçün hər mərhələ üzrə fəaliyyət planı hazırlanacaq. Fəaliyyət planının hazırlanmasında yerli mütəxəssislərlə yanaşı beynəlxalq ekspertlər cəlb olunacaq. Fəaliyyət planı seçilmiş prioritetləri, qəbulu zəruri olan dövlət proqramlarını və normativ-hüquqi aktları, icraya məsul və tərəfdaş qurumları, hədəfləri və icra dövrünü müəyyən edir. Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. İqtisadiyyat və Sənaye Nazirliyi Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

 

 

 

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et