Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat olub | Banco.az

Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat olub

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib. ABB-dən verilən məlumata görə, Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub.

O, ABB-nin baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik C.Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. "MilliKart" Prosessinq Mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə "Unibank"ın texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub. Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir. Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.

Ən sərfəli krediti almaq üçün müraciət et