AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib | Banco.az

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib

Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirib.

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verilir ki, təqdimatda AZAL-ın Marketinq və İstehsalat İdarəsinin rəhbəri Fuad Yusifov giriş nitqi ilə çıxış edib. 

O qeyd edib ki, Milli aviadaşıyıcının yeni istiqaməti olduqca uğurludur, hər yeni aviareys ilə hər iki istiqamət üzrə sıxlığın artması müşahidə olunur.

Onun sözlərinə görə, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev və Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedov çıxış ediblər. Onlar çıxışlarında qeyd ediblər ki, yeni istiqamətin açılması turizmin və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.

AZAL-ın marşrut şəbəkəsinin inkişafı üzrə meneceri Ruslan Abdullayev öz təqdimatında sərnişinlər və turagentlər üçün üstünlüklər barədə danışıb. Azərbaycanın turizm imkanlarını Azərbaycan Turizm Bürosunun MDB ölkələri üzrə regional meneceri Fidan Axundzadə və “Silk Way Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Nərminə Ağayeva təqdim etdilər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, Qazaxıstanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və SW Travel turizm şirkəti həmçinin öz stendləri ilə aprelin 17-dən 19-dək Almatıda keçirilən KITF-2019 turizm sərgisində təmsil olunublar. 

Ən sərfəli krediti almaq üçün müraciət et