Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir? | Banco.az

Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir?

Azərbaycanda qeydiyyatda olan şirkətlər azad ticarət zonalarının yaratdığı imkanlardan yararlana bilərlər. Bir sıra ölkələrlə Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli müqavilələrinin olması bu imkanı daha da artırır. Xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər şirkətlərin öhdəliklərinin azalmasına xidmət etdiyindən yerli sahibkarlar qonşu ölkələrdə, məsələn Gürcüstanda yaradılan azad ticarət zonalarına maraq göstərirlər. Bəs bu zaman onların əldə etdiyi dividendlərdən Azərbaycanda da vergi ödənilməlidirmi? 

Bu sualla əlaqədar Vergilər Nazirliyindən bildiriblər ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının rezidenti olan müəssisənin Gürcüstanın Azad Ticarət Zonasında törəmə müəssisə yaratmasında hər hansı məhdudiyyat nəzərdə tutulmayıb.

Törəmə müəssisənın Azərbaycanda yerləşən təsisçi müəssisəyə ödənilən dividendlərdən vergi tutulması "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" Konvensiyanın 10-cu ("Dividendlər") və 23-cü ("İkiqat vergitutmanın aradan qaldırılması") maddələri ilə tənzimlənir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, şirkət tərəfindən ödənilən dividendlər, həmçinin onun rezidenti olduğu Gürcüstan Respublikasının qanunvericiliyinə uyğun surətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan onun faktiki sahibidirsə, bu tərzdə tutulan vergi dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına görə Gürcüstan Respublikasında vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə, yaxud əmlaka görə Gürcüstan Respublikasında ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycan Respublikasında həmin gəlirlərlə əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə, yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

Vergi Məcəllənin 13.2.5.1-ci maddəsinə və "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" Konvensiyanın 4-cü maddəsinə əsasən, fiziki şəxs Azərbaycan Respublikasının rezidentidirsə, onun ödənilən dividendlərdən gəlirindən vergi tutulması həmin konvensiyanın 10-cu və 23-cü maddələri ilə tənzimlənir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç