Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 100-ə çatıb | Banco.az

Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 100-ə çatıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Benin, Cibuti və Ruandanın banka üzvlük müraciətini təsdiqləyib. Bununla da AİİB-in üzvlərinin sayı 100-ə çatıb.

Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, Afrika qitəsinin 3 ölkəsinin banka üzvlük müraciətinə AİİB-in Lüksemburqda keçirilən IV İllik Toplantısında baxılıb. Bu dövlətlər müvafiq ölkədaxili proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra bankın tamhüquqlu üzvləri olacaqlar.

AİİB-in prezidenti Cin Liçun deyib ki, həmin 3 ölkənin qoşulması ilə bankın üzvü olan dövlətlər dünya əhalisinin 78 faizini, ümumi daxili məhsulun (ÜDM) isə 63 faizini təmin etmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AİİB 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.

Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə 39 layihəyə, ümumilikdə 7,94 milyard ABŞ dolları kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında TANAP təbii qaz boru kəməri layihəsinə 600 milyon dollar kredit verib.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et