Artan valyuta ehtiyatlarının bir hissəsinin ipotekaya yönləndirilməsi aktuallaşır | Banco.az

Artan valyuta ehtiyatlarının bir hissəsinin ipotekaya yönləndirilməsi aktuallaşır

Məlum olduğu kimi, Azərbaycan böyük miqdarda strateji valyuta ehtiyatları formalaşdıra bilib. Həmin strateji valyuta ehtiyatlarının miqdarı illər üzrə artır ki, bu da ölkəyə maliyyə sahəsində daha asan şəkildə manevrlər etməyə imkan verir. İyun ayının 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankında rəsmi valyuta ehtiyatları 15 milyard 91 milyon 300 min dollara çatıb. 
 

İlin əvvəlindən rəsmi valyuta ehtiyatları 939,3 milyon dollar və ya 6,6% artıb. 2014-cü il aprelin 1-ə Dövlət Neft Fondunun aktivləri 36 milyard 618 milyon 400 min ABŞ dollarına bərabər olub. Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankdakı rəsmi valyuta ehtiyatları birgə hesablandıqda Azərbaycanın 51 milyard 709 milyon 700 min manat strateji valyuta ehtiyatları olduğu məlum olur.
 

İlin sonuna kimi bu məbləğin daha böyük hədlə ifadə olunması gözlənir. Bu fonda isə yenidən aktuallaşan məsələlərdən biri də valyuta ehtiyatlarının bir hissəsinin banklara və İpoteka Fonduna aşağı faizlə kredit şəklində verilməsidir. Məlumdur ki, bankların kredit resursunun önəmli hissəsini xaricdən cəlb edilən kreditlər təşkil edir. Ekspertlərin fikrincə, Azərbaycan bankları xaricdən cəlb edilən vəsaiti də baha əldə edir. Çünki bankların reytinqi yüksək olmadığından, xarici maliyyə qurumlarından birbaşa kredit cəlb etmək olmur. Buna görə də banklarımız vasitəçi bankların köməyilə kredit cəlb etmək məcburiyyətində qalır. Vasitəçiliklə əldə edilən kreditlər Azərbaycan banklarına 8-10 faizə başa gəlir. Amma birbaşa alınan kreditlər 3-4 faiz səviyyəsindədir. Ölkənin strateji valyuta ehtiyatlarından banklara müəyyən həcmdə kredit ayrılsa, bu, hansısa vasitəçinin axtarılıb tapılmasına ehtiyacı aradan qaldırar. Eyni zamanda, bu hal kreditlərin də ucuzlaşmasına yol açar. Azərbaycanın valyuta ehtiyatlarının bir qisminin ölkəyə gətirilməsinin məqsədəuyğun olduğunu bildirən ekspertlər xatırladır ki, Dövlət Neft Fondunun idarə etdiyi valyuta ehtiyatlarının gəlirlilik səviyyəsi olduqca aşağıdır. Bu təxminən 1% intervalındadır və olduqca aşağı rəqəmdir. Neft Fondunun valyuta ehtiyatları xaricdə 1%-lə idarə edildiyi halda, ölkədəki sahibkarlar 25%-lə kredit götürmək məcburiyyətində qalır. Ona görə məqsədəuyğundur ki, valyuta ehtiyatlarının bir qismi ölkəyə gətirilərək kommersiya banklarına yerləşdirilsin. Bu da nəticə etibarı ilə kredit faizlərinin kifayət qədər aşağı düşməsinə şərait yaradacaq. 
 

Ən sərfəli kredit üçün müraciət et

Düzdür, böyük həcmli valyuta ehtiyatlarının birbaşa ölkəyə gətirilməsi risklidir. Lakin az həcmdə məbləğin gətirilməsi hansısa problem yaratmır. 
 

Digər tərəfdən, İpoteka Fonduna da strateji valyuta ehtiyatlarından vəsait ayrılması bu sahədə vəziyyəti xeyli dəyişə bilər. Araşdırmalar göstərir ki, respublikada ildə 75-80 min ailə qurulur, ipoteka məbləği heç onların 10 faizi üçün də yetərli deyil. Ekspertlərin fikrincə, ipoteka kreditlərinin şərtlərinin ağırlığı və ayrılan vəsaitin azlığı vətəndaşların mənzillərə əlçatanlığını təmin etməyə imkan vermir. Qeyd edək ki, Azərbaycanda adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Hər iki ipoteka kreditlərində maksimal məbləğ 50 min manatdır. Kredit adi ipotekada 25 il, güzəştli ipotekada isə 35 il müddətinə verilir.
Araşdırmalar göstərir ki, hazırkı vəziyyətdə əhalini mənzillə təmin etmək və Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinə ayrılan vəsaitlərin bir neçə dəfə artırılması çox mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, ipoteka kreditlərinin verilməsi üçün qoyulan şərtləri bir qədər də yüngülləşdirmək lazımdır. Ekspertlərin fikrincə, bu vəsaiti artırmaq üçün Azərbaycanın xarici ölkələrdə yerləşdirilmiş valyuta ehtiyatlarından istifadə etmək olar. Belə fikirlər səslənir ki, bu vəsaitlərin bir hissəsini İpoteka Fonduna köçürüb, burdan 2-3 faizlə müvəkkil banklara vermək olar. O da vurğulanır ki, Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinin umumi həcminin artırılmasına ehtiyac var. Ən əsası isə əhalinin ən vacib sosial problemi olan evsizliyin faizini azaltmaq üçün hökumət xarici banklarda saxladığı vəsaitlərin kiçik bir qismindən istifadə edə bilər və nəticədə həm daha çox faiz əldə edər, həm də əhali ölkənin maliyyə imkanlarından yararlanmış olar.

Tahir TAĞIYEV

Mənbə: baki-xeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et