Arayışsız kreditlər tarixə qovuşdu | Banco.az

Arayışsız kreditlər tarixə qovuşdu

Doğrudanmı arayışsız kreditlər tarixə qovuşur?

Bu gün banklar çoxsaylı yeni məhsullar, kredit kartlar və s təklif edir, hətta faizlərdə belə ötən illərlə müqayisədə nəzərəçarpacaq endirim var. Amma təəssüf ki. heç də hamı üçün bu yeni xidmətlər əlçatan deyil. Səbəb isə əhalinin böyük bir qisminin gəlirlərinin heç bir yerdə öz rəsmi əksini tapmamasıdır.

Bildiyiniz kimi, bu ilin yanvar ayında Mərkəzi Bank banklara ciddi şəkildə təlimat verdi ki, müştərilərin ödəmə qabiliyyətinin araşdırmasına ciddi yanaşsınlar.  Bir növ isə kreditlərin arayışsız verilməsi dayandırıldı. Yəni kreditin verilməsi üçün gəlirləri təsdiq edən sənədlərin mövcudluğu mütləq hal aldı.

Bəs, arayışsız kredit alanlar kimlər idi:

Bu qrupda  çalışan, lakin əməkhaqqılarını “ağ zərflərdə” alan insanları qeyd etmək olar. Onlara tərcüməçilər, kurslarda dərs deyən müəllimlər, ustalar, tikintidə çalışan fəhlələr, nəqliyyat sektorunda çalışan sürücülər, ictimai-iaşə sahəsində çalışanlar, dükanlardakı satıcılar  və s daxildir.  Təəssüf ki, bu siyahını çox uzatmaq olar.

Maraqlıdır ki, indi bu insanların kredit ala bilməməsi, onları öz rəhbərlikləri qarşısında “müqavilə və əmək kitabçası” ilə bağlı məsələ qaldırmağa sövq edirmi? Yəni bəlkə indi, onlar öz hüquqları haqda və harada çalışdıqları haqda bir az daha çox düşünər və iş yerini bir daha nəzərdən keçirərlər.

Bəlkə bu bir tərəfdən elə dövlətin uzaqgörən siyasətidir. Çünki həmin insanların çalışdığı şirkətlər ilk növbədə vergidən yayınırlar.

Yəni məsələnin bu aspektdən həlli, həm bankların işini asanlaşdırar, həm də dövlət büdcəsinə daxil olmalı vəsaitin büdcədən yayınmasının qarşısını alardı.

Arayışsız kreditlər kimi, arayışlar da tarixə qovuşur

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin sərtləşdirilməsi məsələsinin gündəmdə olduğu həmin ərəfədə arayışların özlərinin ləğvi də aktuallaşdı.

Amma arayışlar yalnız fiziki şəkildə ləğv olunacaq və arayışsız kreditlərdən fərqli olaraq bu proses nisbətən uzun çəkəcək. Əmək məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda 2014-cü ilin 1 iyul tarixinədək işəgötürənlər mövcud əmək müqavilələri haqqında bütün məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməlidirlər.  Elektron informasiya sisteminin tətbiqi ilə Azərbaycanda iş yerindən əmək haqqının məbləği barədə verilən arayış ləğv olunacaq.

Bütün bunlar imkan verəcək ki, banklar MKR-ə sorğu göndərdiyimi ki, həmin elektron informasiya sisteminə sorğu göndərib, müştərilərinin gəlirləri ilə bağlı real məlumat əldə etsinlər.

Amma məlumat həmin sistemə daxil edilməsi yenə də sizin işəgötürəndən asılı olacaqdır. Təbii ki, vergidən yayınan işəgötürənlər bu sistemə qoşulmağa tələsməyəcək.

Bu proses aktivləşənə qədər banklar müştəri bazalarını genişləndirmək üçün alternativ yollar axtarmalı olacaqlar. İndi gəlirli və arayışlı müştərilər uğrunda banklar arasında rəqabət və mübarizə gedir. Bu mübarizə faizlərin azaldılması və şərtlərin əlverişli edilməsi ilə nəticələnə bilər, həmçinin yenidən maliyyələşdirmə kredit kimi məhsulları arta bilər.

Məsələn, müştəri iki illik kredit götürüb, 1 il onu 36 faizlə ödəyib, başqa bir bank isə indi ona 26%-lə həmin pulu təklif edir. Müştəri pulu götürüb, borclarını bağlayır və qalan borcu daha aşağı faizlə ödəyir.

Ümid edirik ki, bütün bu dəyişikliklər sonda müştərinin maliyyə durumunda öz müsbət əksini tapacaqdır. 

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et