Anar Abbasov: "Bütün məhsul və xidmətlərimiz öz daxili kadrlarımız sayəsində həyata keçirilir" | Banco.az

Anar Abbasov: "Bütün məhsul və xidmətlərimiz öz daxili kadrlarımız sayəsində həyata keçirilir"

Bank of Baku-nin İT sahəsi üzrə direktoru Anar Abbasov-un Banco.az-a verdiyi müsahibəni təqdim edirik.

Hazırda ölkəmizdə banklar rəqəmsal sferaya kifayət qədər büdcə ayırır. Ümumi götürdükdə fəaliyyətinizdə ənənəvi yoxsa rəqəmsal bankçılığın payı daha böyükdür?

Bəli, çox doğru qeyd edirsiniz ki, banklar tərəfindən xidmətlərin rəqəmsallaşması istiqamətində hal-hazırda ciddi addımlar atılır. Təkcə bankımızın timsalında qeyd edə bilərəm ki, keçən ilin sonlarında İT infrastrukturun və ödəniş sistemlərinin inkişafına 1 milyon manata yaxın vəsait xərclənmişdır. Səhmdarlarımız tərəfindən edilən bu investisiya bir daha onu sübut edir ki, bankımız ölkədə rəqəmsal bankçılığın inkişafına böyük diqqət ayırır, bank və maliyyə sektoruna gətirdiyi onlarla yenilikləri ilə İnnovativ Bank olaraq tanınan Bank of Baku, bu istiqamətdə atacağı addımları ilə mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.

Elektron bankçılıqda hansı yenilikləri tətbiq edirsiz? Qarşıya hansı hədəflər qoyulub?

Bu il ərzində müştərilərimizi çox saylı yeniliklər gözləyir. Tamamilə yeni bank ekosistemi yaradılır ki, onun daxilində mobil bank əlavəsi, yeni rahat interfeysdə internet bankçılıq tətbiqi, özünə xidmət Cash İn ödəniş terminallarında yeni funksiyalar müştərilərin istifadəsinə təqdim olunacaqdır. Həmçinin, bankın “core” sistemində daxili prosesləri avtomatlaşdırmaq, bank məhsullarının rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə hər ay 30-40 modul hazırlanıb tətbiq olunur. Misal olaraq qeyd edə bilərəm ki, bu ay Elektron Hökümətin İnkişaf Mərkəzi ilə əməkdaşlığa start verərək Asan Finans layihəsi çərçivəsində müştəri və bank arasında münasibətləri daha da rəqəmsallaşdırdıq. Artıq müştəri sadəcə öz şəxsiyyət vəsiqəsində olan FİN kodunu bildirməklə çox saylı bank xidmətlərindən (nağd pul krediti, debet və kredit kart rəsmiləşdirilməsi və digər əməliyyatların icrası) faydalana bilər. Asan Finans sistemi ilə inteqrasiya nəticəsində, müştərinin razılığı əsasında onun haqqında məlumatları indi daha rahat əldə edə bilirik və bununla da əlavə sənəd toplusuna ehtiyac qalmadığına görə rəsmiləşdirmədə vaxt itkisinin qarşısını aldıq və ümümi rəsmiləşdirmə prosesini sürətləndirdik. Belə ki, kredit rəsmiləşdirilməsinə ayrılan vaxt 15 dəqiqəyə qədər azaldılmışdır. Ödəniş sistemləri tərəfindən də müştərilərimizi çoxsaylı yeniliklər gözləyir. Bu ilin sonuna olan əsas planlardan biri “contactless” (təməssız) pos-terminalların və kartların dövriyyəyə buraxılmasıdır. Həmçinin, Mərkəzi Bankın tövsiyyəsilə ani ödənişlər sisteminə inteqrasiya olunma gözlənilir ki, bu müştərilərə çox rahatlıqla kart olmadan mobil telefon vasitəsilə öz cari hesabından satış nöqtəsinin cari hesabına ödəniş etmə imkanını yaradacaqdır.  

Ən sərfəli kredit üçün müraciət et

İnternet bankçılığı və mobil bankçılıq sahəsində aktiv müştəri sayınız nə qədərdir? Artım nisbətləri son illər necə olub?

Bank of Baku bu il milyonçu bank oldu. Belə ki, ümumi müştəri sayımız 1 000 000 nəfəri keçib, onlardan 220 000 nəfərdən çox müştəri internet bankinq-ə qoşulmuşdur ki, indi rahat şəkildə öz hesablarına və kartlarına nəzarət, kredit, kommunal və büdcə ödənişlərini, hesabdan hesaba və kartdan karta, həmçinin “Contact” ödəniş sistemi vasitəsilə xaricə pul köçürmələri edə bilərlər. “Cash by code” xidmətindən istifadə etməklə, kartı və hesabı olmayan şəxslərə də pul göndərişini həyata keçirə bilərlər. Valyuta konvertasiya əməliyyatı apara, kartı bloklaşdıra, kredit və debet kart sifarişi və sair xidmətlərdən banka gəlmədən istifadə edə bilərlər. Sahibkarlar və hüquqi şəxslər isə qeyd etdiyim xidmətlərdən əlavə olaraq öz əməkdaşlarının maaş kartlarına 2 dəfə “click” etməklə əmək haqqlarını köçürə, ölkədaxili və ölkəxarici hesablarına invoys əsasında pul köçürməsini həyata keçirə və 1C mühasibatlıq proqramına i-bankda aparılan əməliyyatlarının faylını yükləyə bilərlər. Gördüyünüz kimi, artıq i-bank istifadəçilərimizə filiallarımıza gəlməyə və bununla da əlavə vaxt itirməyə demək olar ki, gərək yoxdur.  Bütün əsas bank əməliyyatlarını komputer qarşısında və ya mobil telefon vasitəsilə istənilən məkandan 24/7 rejimində həyata keçirə bilərlər.

Bu aydan həmçinin yeni mobil bank əlavəmizin beta versiyası “App store” və “Play Market”ə yerləşdirilmişdir ki, istifadəçilərin rəyi (user experience) əsasında təkmilləşdirilib, bir neçə aydan sonra tam funksionallıqla istifadəsinə verilecəkdir. Onu da qeyd edim ki, mövcud Bank of Baku-nun əlavəsini artıq 40 000 istifadəçi yükləmişdir, istifadə konversiyasi isə ortalama 20-25%-dir.

Qürur verici odur ki, bütün bu məhsul və xidmətlərimiz xarici şirkətləri və mütəxəssisləri cəlb etmədən öz daxili kadrlarımız sayəsində yazılır və inkişaf etdirilir. Bazarda formalaşan bir deyim var ki, Bank of Baku bank sektorunun Akademiyasıdır, bütün bu göstəricilər də məhz onun sübutudur.

Ən sərfəli krediti almaq üçün müraciət et