ABŞ Səfirliyinin nümayəndələri Naxçıvanın istehsal müəssisələrində | Banco.az

ABŞ Səfirliyinin nümayəndələri Naxçıvanın istehsal müəssisələrində

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın istehsal müəssisələrində də olublar.

Qonaqlar əvvəlcə Naxçıvan Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar. Bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.

Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı nümayəndələrə məlumat verilib ki, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb, Badamlı mineral suyunun əvvəlki şöhrəti özünə qaytarılıb. Burada istehsal olunan məhsullar ölkəmizin digər bölgələri ilə yanaşı, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çinə də ixrac edilir.

Nümayəndələr “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat alıblar.

Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr daş məhsulları olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndələrə bu səhiyyə müəssisəsi barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin dünyadakı digər duz şaxtalarından üstünlüyü şaxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma-bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan 474 çarpayılıq xəstəxanaya hər il dünyanın bir çox ölkələrindən minlərlə insan müraciət edir.

Bununla da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatıb.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et