ABŞ məhsullarını boykot etmək çıxış yolu deyil! | Banco.az

ABŞ məhsullarını boykot etmək çıxış yolu deyil!

Son günlərdə Türkiyə valyuta bazarında lirənin məzənnəsinin aşağı düşməsi ilə ölkənin yaşadığı böhran vəziyyəti hər kəsə məlumdur. Lirənin dollar qarşısında sürətlə dəyər itirməsinin əsas səbəbi isə Türkiyənin Amerika ilə arasında olan keşiş Endrü Branson məsələsidir. Amerika ilə vəziyyətlərin gərginləşməsinin ardınca xüsusilə də siyasilər tərəfindən ABŞ məhsullarını və markalarını boykot etmək çağırışı edildi. Hətta bəzi ABŞ məhsullarına əlavə gömrük vergisi də tətbiq edildi. Bu məqamda bir çoxlarımızı maraqlandıran sual isə belədir: ABŞ məhsullarını boykot etmək doğru qərardırmı?

Həmçinin oxu: “Türkiyənin Bank Sektorunda Böhran Gözlənilmir” – Albayrak

Bu suala düzgün cavab tapmaq üçün ilk növbədə Türkiyədə satışa təqdim edilən Amerika mənşəli məhsulların və ölkədə fəaliyyət göstərən şirkətlərin faizlə göstəricisinə baxmaq lazımdır. Məsələn, küçədə gəzərkən demək olar ki, hər iki nəfərdən birinin əlində görə biləcəyiniz iPhone markalı mobil telefon bu Amerika istehsallı məhsulların başındadır. Ölkədəki ən məşhur geyim markalarından biri olan “Nike”, ən çox istehlak edilən qazlı içki markalarının başında gələn “Coca-Cola”, illərdir Türkiyədə fəaliyyət göstərən texnologiya nəhəngi “Microsoft”... Bu qeyd edilən şirkətlər Türkiyədə ən çox diqqət çəkən Amerika mənşəli markalardan bəziləridir və bu nümunələrə asanlıqla digərlərini də əlavə etmək mümkündür.

Yeyinti sənayesinin qida və içki sektorundakı Amerika markalarına nəzər saldıqda isə vəziyyət daha da ciddi xarakter alır. Ölkədə ən çox mağazası olan qəhvə restoranları zənciri “Starbucks” la yanaşı, fast-fud restoran şəbəkələrinin böyük əksəriyyəti də ABŞ markalarıdır. “Burger King”, “Mcdonalds”, “KFC”, “Popeyes”, “Arby’s”, “Sbarro”, “Domino’s Pizza”, “Pizza Hut” və daha çoxu... Sözün qısası demək olar ki, hər sahədə bu qədər çox Amerika mənşəli marka fəaliyyət göstərərkən əsl mənada boykotun reallaşması çox da mümkün görünmür.

Ən sərfəli kredit üçün müraciət et

İndi isə medalyonun digər tərəfinə nəzər salaq. Türkiyədə fəaliyyət göstərən bütün bu şirkətlər əhalinin məşğulluğunda da ciddi paya sahibdirlər. Həmin şirkətlərdə on minlərlə türk vətəndaşı çalışır. Bununla bağlı statistiki məlumatlara nəzər saldıqda görürük ki, statistika platforması olan “Statista” – nın yayımladığı 2018 – ci il May ayı üzrə göstəricilərə görə, “Starbucks” şirkətinin Türkiyədə 428 şöbəsi fəaliyyət göstərir. Ölkədə “Burger King” – in 636, “McDonald`s” – ın 260, “Popeyes” – in 200, “Sbarro” – nun 80 və “Arbys`s” – in isə 72 restoranı mövcuddur. Bunlardan təkcə “McDonald`s” 6 minə yaxın işçi çalışdırır. Digər şirkətlərdə işləyən insanların sayını da nəzərə aldığımız zaman ölkədə on minlərlə insanın Amerika mənşəli şirkətlər sayəsində yaşayışını təmin etdiyini deyə bilərik.

Vəziyyət belə olduğu təqdirdə bu şirkətlərə qarşı hərtərəfli və uzun müddətli bir boykot həyata keçirildiyini fərz edək. O halda həmin şirkətlər ən yaxşı ehtimalla kifayət qədər qazanc əldə edə bilməyəcəkləri üçün bəzi mağazalarını bağlamaq məcburiyyətində qalacaqlar. Bu isə öz növbəsində minlərlə insanın işsiz qalmasına və ölkədəki işsizlik göstəricisinin artmasına səbəb olacaqdır. Nəticədə bu hal ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və vəziyyətdən yenə də Türkiyə zərər görəcəkdir.

Həmçinin oxu: “Türkiyədəki iqtisadi sabitlik Avropa üçün əhəmiyyətlidir” – Almaniya İqtisadiyyat Naziri

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et