3 illik inkişafla bağlı yeni proqnozlar | Banco.az

3 illik inkişafla bağlı yeni proqnozlar

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) Azərbaycanın qarşıdakı üç ildə sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozları yeniləyib. Proqnozlara əsasən, 2015-2017-ci illərdə iqtisadiyyatda əsas ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşəcək.

2014-cü ildə ölkədə ÜDM-in 3,9 % səviyyəsində real artımı gözlənilir. 2015-ci ildə ÜDM-in artımı 4,4% (62,1 milyard manat), 2016-cı ildə 5,2,% (64,2 milyard manat), 2017-ci ildə isə 4,3 % (67,8 milyard manat) səviyyəsində proqnozlaşdırılır, 2014-2017-ci illərdə ölkə ÜDM-də neft sektorunun payı müvafiq olaraq 40,4 faizdən 29,8 faizə düşəcək. ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 2014-cü ildə 59,6 %-dən 2017-ci ildə 70,2 %-ə çatacaq. Gözləntilərə əsasən, 2015-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 64,1 %, 2016-cı ildə isə 67,8 % təşkil edəcək. 

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, nazirlik qeyri-neft sektorunun inkişafı ilə bağlı Strateji Plan hazırlayıb və sənəddə qeyri-neft sahələrində yüksək artım tempinə nail olunması və bu sektor hesabına adambaşına ÜDM-in artırılması,ÜDM-in strukturunda qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə yüksəldilməsi, adambaşına qeyri-neft ixracının artırılması kimi əsas hədəfləri müəyyənləşib. Bu hədəflərə çatmaq üçün iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi, çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf təmayülünün təmin olunması kimi məqsədlər nəzərdə tutulub. Bununla yanaşı, biznes mühitinin daha da yaxşılaşdırılması, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi, İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, innovasiya fəaliyyətinin və insan kapitalının inkişafının təmin edilməsi, institusional potensialın gücləndirilməsi kimi istiqamətlər də bu planın əsas tərkib hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Strateji Plana əsasən, ortamüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığının daha da artırılmasına nail olmaq, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaq, monetar və büdcə siyasətinin koordinasiyasının gücləndirilməsi əsas məqsədlərdəndir. Regionların inkişafının sürətləndirilməsinə, regionlar arasındakı sosial-iqtisadi fərqlərin mərhələlərlə aradan qaldırılmasına və balanslaşdırılmış inkişafa nail olunmasına, respublikanın rayon və şəhərlərinin yerli gəlirləri hesabına mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin azaldılmasına diqqət artırılacaqdır.

ulfet-az.com

Ən sərfəli krediti almaq üçün müraciət et