2018-ci ildə götürülən kreditlər real sektora investisiya şəklində yönəldiləcək | Banco.az

2018-ci ildə götürülən kreditlər real sektora investisiya şəklində yönəldiləcək

2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 5 mlrd. 240,8 mln. manat vəsaitin 2 mlrd 887,1 mln. manatı və ya 55,1 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artmışdır. Banco.az bu barədə Dövlət Statistika Komitəsinin əsas kapitala yönəldilmiş vəsait haqqında açıqladığı göstəricilərə istinadən xəbər verir. Belə ki, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 73,1 faizi məhsul istehsalı obyektlərinin, 20,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7 faizini təşkil etmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9 faiz(ötən il 70%-dən çox idi) , bank kreditləri 15,7 faiz, büdcə vəsaitləri 23,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,6 faiz təşkil etmişdir. Qeyd edək ki, bank kreditlərinin 2017-ci ilin yanvar-may ayları ərzində bu 12,0 faiz təşkil edirdi.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, iqtisadçı millət vəkili Azər Badamov hesab edir ki, statistik göstəriciləri optimal rəqəm hesab etmək olar: “2018-ci ilin ilk yarısında Azərbaycanda bir sıra böyük layihələr icra olunub. İqtisadi və sosial sahənin inkişafında bu layihələrə böyük vəsait qoyuluşu həyata keçirilib. Bu vəsait qoyuluşları həm kredit formasında, həm də dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Kreditlər üzrə faiz göstəricilərin keçən ilə nisbətən artmasında heç bir təhlükə yoxdur. Çünki Azərbaycanın dövlət borcu ÜDM-un 20 faizini təşkil edir. Valyuta ehtiyatları dövlət borcunu tam şəkildə ödəməyə qadirdir. Kreditlər infrastruktur layihələrinə, istehsal sahələrinin yaradılmasına sərf  edilir. Bu isə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd etdi ki, ilin sonuna kimi bu göstəricilərdə artımın olması tamamilə təbii haldır: “İlin ikinci yarısında ölkədə yeni layihələrə start veriləcək. Azərbaycan inkişaf etməkdə olan ölkədir. İqtisadi sferada layihələrin həyata keçirilməsi üçün kredit almaq daha münasibdir. Hesab edirəm ki, alınan kreditlərin ödənilməsində problem olmayacaq. Dövlət başçısı ötən ilin yekunlarına həsr edilən müşavirədə də bu məsələyə toxundu. Onun da qeyd etdiyi kimi, 2018-ci ildə götürülən kreditlər real sektora investisiya şəklində yönəldiləcək”.

Şəbnəm Mehdizadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et