Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi | Banco.az

Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi

Unibank  və  Avropa Yenidənqurma və İnkişaf  Bankı  Azərbaycanda  yerli şirkətə böyük həcmdə kredit ayırıb. Bu Unibankın real sektorun inkişafına  verdiyi dəstəyin daha  bir nümunəsidir. İmzalanan müqaviləyə əsasən,  Unibank və AYİB tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə  10 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Şirkət bu vəsaiti fəaliyyətinin genişləndirilməsinə, anbarın tikintisinə, sualtı işlərin  aparılması üçün tələb olunan yeni avadanlıqların alınmasına sərf edəcək.

İmzalanma mərasimində  Unibank KB-nin İcraçı Direktoru Cəlal Qasımov bildirib ki, “Dalğıc” MMC kimi şirkətlər ölkə iqtisadiyyatının real sektorunun inkişafını və modernləşməsini təmin edir: “Bu cür innovativ şirkətlərin daim dəstəklənməsi bankımızı prioritet istiqamətlərindən biridir. Yeni layihə hesabına yaradılacaq yeni iş yerləri, ixtisaslı yerli kadrların işə cəlb olunması imkanlarını daha da artıracaq. Bu layihənin maliyyələşməsi Unibank və AYİB arasında mövcud yüksək səviyyəli əməkdaşlığın nəticəsidir. Onu da qeyd edim ki, bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür. Ölkədə fəaliyyət göstərən digər şirkətləri də, bu alətdən istifadə edərək əlverişli şərtlərlə maliyyələşməyə dəvət edirik.”

Ən sərfəli kredit üçün müraciət et

AYİB-in Azərbaycan ofisinin rəhbəri Neil MakKeyn, təmsil etdiyi qurumun belə uğurlu layihələrin dəstəkləməsindən çox şad olduğunu bildirib: “ Bu kredit AYİB-in yerli banklarla birgə  layihəsi olan orta sahibkarlığın  maliyyələşdirilməsi çərçivəsində  ayrılıb və yerli şirkətlərin  fəaliyyətinin daha da genişləndirilməsinə xidmət edir. Bu layihə Azərbaycanda beynəlxalq  standartlara uyğun dəniz  araşdırmalarının aparıldığının da göstəricisidir”. 

“Dalğıc” şirkətinin direktoru  İlqar Sadıqov da  deyib ki, AYİB və Unibankın  ayırdığı maliyyə vəsaiti şirkətin inkişafı, xidmət səviyyəsini daha da yüksəltməsi üçün böyük təkandır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et