SOCAR istiqrazları yenidən bahalaşıb – QİYMƏT | Banco.az

SOCAR istiqrazları yenidən bahalaşıb – QİYMƏT

Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib. İstiqrazların təkrar bazarı üzrə market-meyker «PSG Kapital» şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1008 dollara almaq olar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

«PSG Kapital» şirkətindən bildirilib ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 2 milyon 750 min dollarlıq SOCAR istiqrazı  alınıb-satılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et