PAŞA Bank Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirdi | Banco.az

PAŞA Bank Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirdi

Hyatt oteldə Azərbaycanın iri banklarından biri olan PAŞA Bank özünün Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirdi. Tədbirdə kiçik və orta sahibkarlıq sektorunun 50-dən çox nümayəndəsi, həmçinin Bankın müştəriləri iştirak etmişdir. 
PAŞA Bankın Korporativ və kommersiya bankinqi departamentinin direktoru Vüqar Sadiq təqdimat mərasimində çıxış edərək, bildirmişdir ki, bu məhsul korporativ biznes nümayəndələrinin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. V.Sadiq qeyd etmişdir: "Bu xidmət vasitəsilə bir çox əməliyyatları, o cümlədən valyuta mübadiləsini aparmaq, həm yerli, həm də beynəlxalq miqyasda vasitələrin köçürülməsini həyata keçirmək, həm milli, həm də xarici valyuta ilə ödənişlər etmək və s. mümkündür. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə Bankın veb-səhifəsinə daxil olmaq lazımdır". 
Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir. V.Sadiqin sözlərinə görə, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. V.Sadiq, çıxışını yekunlaşdıraraq, belə söyləmişdir: "Hər zaman olduğu kimi, biz müştərilərimizin maraqlarının keşiyində durur və bunun üçün onların məlumatlarının toxunulmazlığını təmin edirik. Internet Banking vasitəsilə keçirilən əməliyyatların təhlükəsizliyi, ənənəvi üsulda olduğu kimi, yüksək səviyyədədir. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə Internet Banking çərçivəsində tətbiq edilən tariflər ənənəvi bankinqdə istifadə etdiyimiz tariflərdən aşağı olacaq". 
Bankın potensial müştəriləri PAŞA Bankın ən yaxın biznes-mərkəzinə müraciət edərək, istənilən anda pulsuz Internet Banking xidmətinə qoşula bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et