“Biz müştərilərimizə maksimum imkanlar yaratmağa çalışırıq” | Banco.az

“Biz müştərilərimizə maksimum imkanlar yaratmağa çalışırıq”

Müsahibimiz “Kapital Bank” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru İqbal Rüstəmovdur

- İqbal müəllim, bu günlərdə Kapital Bank da özünün taksit kartlarını müştərilərin istifadəsinə verdi. Sizcə, taksit kartlarının son illər ölkəmizdə getdikcə populyarlaşmasının səbəbi nədir?

- Taksit kartları bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanın pərakəndə bank bazarında da sürətlə inkişaf edən yeni bir trenddir. Bu kartlar həm ənənəvi alış-verişdə mal və xidmətlərin dəyərinin əlavə faiz ödəmədən hər ay bərabər hissələrlə ödənişinə imkanı yaratmaqla müştəri istəklərinə cavab verir. Bundan əlavə, ATM-lərdən nağdlaşdırılan və online ticarətdə istifadə edilən məbləğlərin sərfəli ödəniş imkanları mövcuddur.

Ümumən, taksit kartlarının populyarlığı, fikrimcə, onunla şərtlənir ki, bu yeni bank məhsulu bir sıra mühüm özəllikləri ilə həm bankları, həm banklarla partnyorluq edən ticarət və xidmət müəssisələrini, həm də bu kartlardan faydalanan vətəndaşları razı salır. Bir çox müştərilər haqlı olaraq taksit kartlarını istehlak kreditindən daha münasib maliyyələşdirmə aləti sayırlar və bu kartlardan həvəslə istifadə edilər. Taksit kartlarının bir sıra üstün cəhətləri var, bu cəhətlər müştəri marağını getdikcə daha kütləvi şəkildə özünə cəlb edir.

- Kapital Bankın təqdim etdiyi Kapitalkart-ın əsas üstünlükləri nədən ibarətdir?  

- Əsas üstünlüklər Kapital Bankın taksit kartlarının əldə edilməsi prosedurlarının son dərəcə sadəliyi və nağdlaşdırma opsiyalarında – yəni, nağdlaşdırılmış məbləğin hissə-hissə ödənişində müştəriyə daha geniş seçim imkanlarının verilməsidir.

Bu kartlar müştərilərə pulsuz təqdim edilir. Başqa ödəniş kartlarından fərqli olaraq onlardan partnyor şəbəkəsində istifadəyə görə heç bir xidmət haqqı tutulmur. Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin  internetdə mal və xidmətlərin dəyərinin ödənişi zamanı bu ödənişləri Kapitalkart-la hər ay bərabər hissələrlə ödəmək olar. Xərclənən məbləğ avtomatik olaraq 1 - 12, 18 və ya 24 aya bölünür. Kapitalkart-la Kapital Bankın ATM-lərindən nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq bərabər hissələrlə ödəmək də mümkündür. Kart revolver kredit limitinə malikdir. Borc ödəndikcə kartın limiti bərpa olunur. Kapitalkart pulsuz olaraq Kapital Bankın SMS-banking xidmətinə də qoşulur. Bu taksit kartlarını əldə etməkdən ötrü müştərilərin sadəcə şəxsiyyət vəsiqəsi ilə Banka müraciət etmələri kifayətdir.

- Hazırda Kapital Bank hansı pərakəndə kredit məhsullarını təklif edir?

- 2013-cü ilin ikinci yarısından biz Kapital Bankın maaş və pensiya kartı sahibləri üçün nağd pul krediti məhsulunun aktiv satışına başladıq. Bu məhsulumuz qısa müddətdə böyük uğur qazandı. Xüsusilə, ölkəmizin regionlarında Kapital Bankın nağd pul kreditləri kütləvi müştəri marağı ilə müşayiət olundu. Buna səbəb, təbii ki, kredit şərtlərimizin son dərəcə sərfəli olması, rəsmiləşdirmə və aylıq borcların ödənişi prosedurlarının sadəliyi, kreditin cəmi bir neçə dəqiqə ərzində rəsmiləşdirilməsi, ən əsası isə bu kreditləri Kapital Bankın bütün ölkə ərazisini əhatə edən filiallarının istənilən birindən almaq imkanının olmasıdır. Bu kreditlər 24 faizdən başlanan illik faizlərlə, 36 ayadək müddətə, maksimum 10 min manat məbləğində verilir. İş yerindən arayışa, girova və zaminə ehtiyac yoxdur.    

Biz təklif etdiyimiz nağd pul kreditlərinin şərtlərini müştərilər üçün getdikcə daha sərfəli etməyə çalışırıq. Eyni zamanda vaxtaşırı olaraq keçirdiyimiz güzəşt kampaniyaları, yaratdığımız yeni-yeni imkanlar Kapital Bankın nağd pul kreditlərinə müştərilərin marağını daha da artırır. Biz isə müştərilərimizə maksimum imkanlar yaratmağa çalışırıq.

- Təcili kredit xəttinin açılması sahəsində də belə imkanlar var?

- Bəli, Kapital Bankın maaş və pensiya kartına sahib olan hər kəs Bankda təcili kredit xətti açdıra bilər. Bunun üçün sadəcə şəxsiyyəti təsdiqləyən sənədlə Kapital Bankın filiallarına müraciət yetərlidir. Açılmış kredit xəttindən 24 ay ərzində istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

- Bir müddət əvvəl Kapital Bank “KapitalBonus” layihəsinin də tətbiqinə başladı. Bu layihədə məqsəd nədən ibarətdir?

- Bildiyiniz kimi, Kapital Bank ödəniş kartlarının sayına görə ölkənin lider bankıdır. Bankın aktiv ödəniş kartlarının sayı 2 milyon 300 minə yaxındır. Biz “KapitalBonus” məhsulunu Kapital Bankın ödəniş kartlarına malik müştərilərimiz üçün düşünmüşük. Bu məhsul loyallıq proqramının tərkib hissəsi olaraq yaradılmışdır. Bankın ödəniş kartına sahib hər bir müştəri bu məhsulun imkanlarından faydalana bilər.

- Nədir bu imkanlar? 

- “KapitalBonus” layihəsi 2 istiqaməti əhatə edir. Birincisi, kart sahibləri həm ölkə daxilində, həm də dünyanın istənilən ölkəsində Kapital Bankın kartları ilə alış-veriş edən zaman Bank öz komissiya gəlirlərinin bir hissəsini müştərinin kart hesabına geri qaytarır. Yəni, Kapital Bank öz gəlirini müştəriləri ilə paylaşmaqla xidmətlərinə əlavə dəyər qatır.

Layihənin ikinci istiqamətində isə Kapital Bank Azərbaycan daxilində fəaliyyət göstərən müxtəlif ticarət, xidmət, ictimai-iaşə müəssisələri ilə anlaşaraq özünün kart sahiblərinə xüsusi güzəştlər tətbiq edir. Beləliklə, Kapital Bankın kart sahibləri bankın partnyorluq etdiyi ticarət və xidmət şəbəkələrində ödəniş apararkən müxtəlif faizlərdə bonus qazanırlar. Bonus məbləği, əməliyyat gününün səhəri müştərinin kart hesabına pul şəklində geri qaytarılır.

Ölkə daxilində bu layihə hansı yerlərdə keçərlidir?

- “KapitalBonus” layihəsinin tətbiqinə başlayarkən biz müəyyən bazar araşdırmaları apardıq. Müştərilərimizin istək və ehtiyaclarını təhlil edərək onlar üçün maraqlı olan prioritet istiqamətləri müəyyənləşdirməyə çalışdıq. Hazırda “KapitalBonus” layihəsi bir sıra tibb müəssisələrində, məişət texnikası, geyim və s. mağazalarında tətbiq olunur. Gələcəkdə partnyorlarımızın sayının və fəaliyyət sahəsi üzrə xidmət çeşidinin artırılmasını planlaşdırırıq.

- Bildiyimiz qədər, 2014-cü ildə Kapital Bank özünün depozit siyasətində də müəyyən dəyişikliklər etdi…

- Bəli. Biz 2014-cü ilin martından bazara yeni depozit məhsulları ilə çıxdıq. Bu məhsulları hazırlayarkən çalışdıq ki, müştərilər üçün daha sərfəli olan, onların maraqlarına daha çox uyğun gələn şərtlər irəli sürə bilək. İllik faiz dərəcələrini yüksəltdik. Depozit məhsullarımızın çeşidini artırmaqla müştərilərin seçim imkanlarını genişləndirdik. Depozit hesabındakı vəsaitləri rahatlıqla artırıb-azaltmaq imkanını da təmin etdik. Kapital Bankda vəsait yerləşdirən müştərilər üçün ödəniş kartları düşündük. Eyni zamanda, onlar üçün istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə, nağd pul krediti, yaxud kredit xətti şəklində məhsullar hazırladıq. Yürüdülən strategiyanın pozitiv nəticələri Kapital Bankın depozit portfelinin həcminin getdikcə artmasında öz əksini tapır. Burada, banka depozit yerləşdirən müştərilərimiz üçün keçirdiyimiz stimullaşdırıcı kampaniyaların da, təbii ki, müəyyən rolu var.

Bu istiqamətdə sonuncu kampaniyamız 2014-cü ilin dekabrın əvvəlindən başlanıb və 2015-ci ilin 31 yanvarına qədər davam edəcək. “Yubiley qazancı” adlanan bu kampaniya çərçivəsində Kapital Bankda yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13%-dək artırılıb. Bu da müştərilərimizdən ötrü öz vəsaitlərindən daha çox qazanmaq üçün yaxşı bir imkandır.

Bu cür stimullaşdırıcı kampaniyaları gələcəkdə də davam etdirmək niyyətindəyik.

Müsahibəyə görə təşəkkürümüzü bildiririk.

Ən sərfəli krediti almaq üçün müraciət et